"Ukrayna, Polşa və İngiltərə ittifaqı qurulacaq" - Politoloq
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya rəsmi səfər edib. Boris Conson Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib ki, Rusiyanın geri addım atması və diplomatiya yolunu seçməsi çox vacibdir. O həmçinin bildirib ki, Rusiya Ukrayna ərazisinə keçərsə, Böyük Britaniya da digər ölkələr kimi sanksiyalar paketi hazırlayacaq.
Bəs görəsən, Boris Consonun Ukraynaya tələsik səfərinin arxasında nə dayanır?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını politoloq Cümşüd Nuriyev cavablandırıb. O bildirib ki, Ukrayna, İngiltərə və Polşa arasında siyasi ittifaq yaradıla bilər:
“Boris Consonla bərabər Polşanın da baş naziri Ukraynadadır. Tərəflər eyni vaxtda üçlü ittifaq qurmaq istəyirlər. Ukrayna prezidenti Volodimir Zelenski elan etdi ki, Ukrayna Polşa və İngiltərə üçbucağı qurulacaq. Siyasi mənada bu ittifaq qurula bilər, lakin bu ittifaqın beynəlxalq status alıb-ala bilməyəcəyini deyə bilmərəm. Məsələ burasındadır ki, Ukrayna-Rusiya qarşıdurmasında əsas ideya anqlo-saksların olduğuna görə təbii ki, İngiltərə bu işdə fəal iştirak edəcək. Boris Conson pandemiya vaxtı özünə ad günü keçirdiyinə görə onun istefası məsələsi gündəmdədir. İngiltərə həddən artıq mühafizəkar dövlətdir. Bu dövlətdə ən ciddi məsələ qanunlara riayət etməkdir. Boris Conson bir növ diqqətdən yayınmağa çalışır. Ukrayna-Rusiya qarşıdurmasının müəllifləri daha çox İngiltərədə olduğuna görə onlar çalışır ki, hansı yolla olursa-olsun bu qarşıdurma baş versin”.
Politoloq bildirib ki, belə bir görüşün keçirilməsi siyasi cəhətdən proqnozlaşdırılan bir məsələ idi:
“Boris Consonla Zelenski arasında keçirilən danışıqlar konfidensialdır. Lakin Zelenski Radaya gəldi və İngiltərə ilə danışıqların müsbət nəticə verdiyini elan etdi. Ümumilikdə götürdükdə Consonun Ukraynaya gəlməsi müsbət məsələdir. Hazırda Ukraynaya Rusiya tərəfindən siyasi-ideoloji və hərbi təzyiq var. Rusiya telekanalları gün ərzində Ukrayna əleyhinə olan-olmayan informasiyaları yayımlayır. Bu, Rusiyanın köhnə adətidir. Ona görə İngiltərə kimi ölkənin baş nazirinin Ukraynaya gəlməsi təsadüf sayıla bilməz və müsbət haldır. Bunun arxasında çox ciddi məsələlər var. Nəzərə almaq lazımdır ki, Polşanın baş naziri də oradadır və Polşa son illərdə Rusiyanın əleyhinə olan bir dövlətdir. Polşa Rusiyanı özünə strateji düşmən hesab edir. Bu üç ölkənin maraqları kəsişir və ona görə də belə bir görüşün keçirilməsi siyasi cəhətdən proqnozlaşdırılan bir məsələ idi”.
Şəbnəm Mehdizadə












