"Müharibə başlasa, Qərb Ukraynanın arxasından çəkiləcək" - Konfliktoloq

 10:57 03.02.2022     1120

"Rusiya ilə Ukrayna arasında müharibə başlayarsa, ABŞ başda olmaqla Qərb dövlətlərinin heç biri Ukraynaya ciddi şəkildə dəstək verməyəcək".

Bunu Redaktor.az-a Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov Ukrayna ətrafında baş verən hadisələri şərh edərkən bildirib.

O, qeyd edib ki, Ukrayna ətrafında çox böyük ajiotaj yaradıldı və bu hazırda da davam edir.

"Hətta bugünlərdə BMT Təhlükəsizlik Şurasında məsələ müzakirəyə çıxarıldı. Lakin heç bir ciddi qərar qəbul etmək mümkün olmadı. Açığı genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Baş verənlər isə “soyuq müharibə”nin kiçik versiyasıdır. Yəni, daha çox tərəflərin bir birinə hədə-qorxu gəlməsi və təzyiq göstərməsi ilə bu mövzu yekunlaşacaq. Bu məsələdə incə məqamlar çoxdur. ABŞ-ın Avropa üzrə müttəfiqlərinin əksəriyyəti Amerikanın Rusiya əleyhinə siyasətini dəstəkləmir. Çünki Avropanın Rusiyadan asılılığı kifayət qədər çoxdur. Digər tərəfdən genişmiqyaslı müharibə heç kimə sərf etmir. Nə ABŞ, nə Rusiya bu müharibənin olmasını istəyir. Lakin necə ki, regionda gərginlik yaratmaq üçün Qazaxıstan hadisələri baş verdi, eynilə də Ukraynada da bu proseslər gedəcək. Bu proseslər siyasi müstəvidən kənara çıxmayacaq. Ola bilsin ki, hansısa sanksiyalar tətbiq edilsin. Lakin bu sanksiyalar genişmiqyaslı müharibələrə gətirib çıxarmayacaq. Digər tərəfdən, əgər Rusiya ilə Ukrayna arasında belə bir gərginlik baş verərsə, ABŞ başda olmaqla Qərb dövlətlərinin heç biri Ukraynaya ciddi şəkildə dəstək verməyəcək. Yalnız siyasi bəyanatlar, beynəlxalq təşkilatlarda müzakirələr, yaxud Rusiyanı mühakimə edəcək hansısa sərt qərarlar veriləcək. Lakin heç kim bundan o yana getməyəcək. Ən yaxşı halda kimsə Ukraynaya hərbi yardım göstərə bilər. Gürcüstanda da eyni hal yaşandı. Mixail Saakaşvili baş verən prosesləri dərk edən bir siyasətçi idi. O tək deyildi ki, Rusiya ilə başa-baş müharibəyə girdi. Əslində o Gürcüstanın və Rusiyanın hərbi gücünün hansı səviyyədə olduğunu yaxşı bilirdi. Lakin 2008-ci ildə müharibə oldu və nəticədə Qərb dövlətləri Gürcüstanı meydanda tək qoydular. Avropa Rusiyaya yalvarmaqla Rusiyanı geri çəkdi. İndi də Ukraynada eyni proseslər baş verir”.

Kərəm Məmmədov bildirib ki, genişmiqyaslı müharibə baş versə, itirən Ukrayna dövləti və xalqı olacaq:

“Rusiya Krımı işğal etdi. Nəticəsi nə oldu? Əgər müharibə baş versə, Ukrayna Donbassı da tamamilə itirəcək. Qərb yalnız siyasi mühakimələrlə kifayətlənəcək. Sonda yenidən dialoq, diplomatiyanı işə salaq və s. kimi cümlələr qurulacaq. Eyni zamanda, Ukrayna Avropaya daha yaxındır. Avropa burnunun ucunda belə genişmiqyaslı müharibənin olmasını əsla istəmir. Avropa dövlətlərinin əksəriyyəti müharibəni dəstəkləmir. İndi də Ukrayna ətrafında böyük güclər mübarizə aparır. Bu mənada müharibənin olacağını düşünmürəm. Əgər olsa belə, itirən tərəf Ukrayna olacaq. Ukrayna prezidentinin son çıxışlarından görünür ki, o, artıq reallığı dərk edib. Zelenski dərk edir ki, Avropa nə qədər aranı qızışdırsa da, bu məsələdə ən çox itirən tərəf Ukrayna özü olacaq və ona görə də Ukrayna dövlətinin maraqları üçün işləmək lazımdır. Son çıxışlarında məhz bu məqam hiss olunur. O reallığı yaxşı dərk edir və əvvəlki kimi Rusiyaya hədə-qorxu gəlməkdən çəkinir. O istəmir ki, Gürcüstanın vəziyyətinə düşsün və daha çox ərazilər itirsin. Son məqamda ağıllı insanlar müharibədən qaçacaq və real vəziyyətlə barışıb münasibətləri normallaşdıracaq. Lakin işğal edilmiş ərazilərin qaytarılması çətin məsələdir. Rusiya oradan sakitcə çıxmayacaq. Əgər Rusiya çıxmağı düşünsəydi Kırımı işğal etməzdi. Böyük müharibə baş verərsə, Ukraynanın taleyi böyük sual altında qalacaq. Çünki Qərbi Belarusiya torpaqları İkinci Dünya müharibəsi ərəfəsində SSRİ Polşanın taleyini həll edərkən Ukraynaya birləşdirdi. Ona görə Ukraynanın öz taleyi də böyük sual altında qala bilər. İndi Ukraynanın arxasında dayanan güclər əgər müharibə başlasa, Ukraynanın arxasından çəkiləcək. Bunu başa düşən Zelenski və onu dəstəkləyən qüvvələr diplomatik fəaliyyəti genişləndirib müharibənin olmasına imkan verməyəcək”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən