"Nəinki 15, heç 50 il sonra da SSRİ-nin bərpası mümkün deyil" - Politoloq

 13:53 09.02.2022     701

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın "Rossiya" telekanalının aparıcısı, telejurnalist Vladimir Solovyova verdiyi müsahibəsində bildirib ki, Rusiya Federasiyası və Belarusun İttifaq Dövlətinə sabiq sovet respublikalarının əksəriyyəti birləşə bilər.

O bildirib ki, Belarus artıq bu İttifaqdadır. “Düşünürəm ki, Qazaxıstana da yaxşı dərs oldu. Əgər siz 15 illik müddətdən danışırsınızsa, əminəm ki, səhv etməsək Ukrayna da orada olacaq. Ermənistanınsa çıxış yolu yoxdur. Axı Ermənistan, ermənilər kimin nəyinə lazımdır?! Onlar bunu gördülər. Azərbaycan bu sıradan kənardadır, çünki biz də çox səhvlər etmişik. Ayrı söhbətdir. Təbii, Azərbaycanı Türkiyə çox ciddi şəkildə dəstəkləyir. Türkmənistan, Özbəkistan və Tacikistan isə, düşünürəm ki, ilk əvvəl iqtisadi zərurətlərə görə qatılacaqlar" - Belarus prezidenti deyib.

Lukaşenkonun bu açıqlamasını Redaktor.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirdi ki, o, Belarus prezidenti kimi yox, faktiki olaraq Kremlin sözçüsü kimi çıxış edir:

“Lukaşenko mahiyyət etibarilə Dmitri Peskov və Mariya Zaxarovanın vəzifələrini mənimsəyib. İndi də eyni formada bəyanatlar verir. Bu bəyanatlar əslində Belarusun müstəqilliyinin üzərinə kölgə sala bilən bir yanaşmadır. Digər tərəfdən SSRİ-nin bərpası heç bir halda mümkün deyil. Çünki dövr və şərtlər tamamilə fərqlidir. Digər tərəfdən, biz əgər SSRİ-nin yaranma tarixini araşdırsaq görərik ki, bu təsisat Birinci Dünya müharibəsinin sonunda Çar Rusiyasının parçalanması nəticəsində yaranıb. SSRİ sonradan özünü doğrultmasa belə sosializm və marksizm prinsipləri və nəzəriyyəsi üzərində formalaşan bir təsisat idi və ideoloji platforması var idi. Xalqlar arasında fəhlə və kəndlilərin bir araya gətirilməsi müstəvisində təbliğat aparılmışdı və fəhlə-kəndli hakimiyyəti ideyası ortaya çıxmışdı. SSRİ-nin təməl ideoloji xəttini bu təşkil edirdi. İndiki halda post-sovet məkanında olan dövlətlərin heç biri ideoloji dövlətlər deyil. Onlar müstəqil, suveren dövlətlərdi və BMT-nin müstəqil üzvləridir. Bu aspektdən yanaşanda SSRİ-nin hansısa formada ideoloji platformada bərpası mümkün deyil. Bu dövlətlərin hər biri çoxpartiyalı sistemə keçib. Faktiki olaraq kommunizm, sosializm ideologiyası bu ölkələrin hər birində sıradan çıxıb. Hətta Rusiyanın özündə belə Kommunist Partiyası parlamentdə azsaylı yerə malikdir. İctimaiyyət arasında heç bir dəstəyi yoxdur. Lukaşenkonun açıqlamasını bu kontekstdən dəyərləndirsək, bu mümkün olmayan bir məsələdir və absurd iddiadır”.

Politoloq qeyd etdi ki, post-sovet ölkələrinin bir araya gəlməsindən və təxminən Avropa İttifaqı modelində birləşməsindən söhbət gedirsə, bu barədə ideyalar həmişə olub.

"Lakin bu ideyaların həyata keçirilməsi üçün xalqların iradəsi olmalıdır. Eyni zamanda, bu ideyanı cazibədar edəcək məqamlar olmalıdır. İndiki şəraitdə bu ideyanın tərəfdarı kimi Rusiya çıxış edir. Rusiyanın özünün dövlət olaraq  iqtisadi modeli nə qədər idealdır ki, Azərbaycan, Qazaxıstan kimi ölkələr Rusiya ilə belə bir platformada yer alaraq onun dominantlığını qəbul etsin? Bu, tamamilə absurddur. Təbii ki, Rusiya xalqların azadlıq idealarına, dövlətlərin müstəqilliyinə sayğı ilə yanaşsaydı, regionun lider dövləti kimi və uğurlu bir iqtisadi model ortaya qoysaydı, hansısa formada hüquqlarını qoruyub saxlamaqla dövlətlərin bir araya gəlməsi üçün imkan yaranardı. Aleksandr Lukaşenkonun Ermənistanla bağlı dediklərinə gəldikdə isə Ermənistanın gedəcək yeri yoxdur. Bu, həqiqətdir. Coğrafi ərazi ona bu imkanı vermir. Azərbaycana münasibətdə buraxılan səhvlər isə o qədər böyükdür ki, onu heç bir formada kompensasiya etmək mümkün deyil. Çünki bizim torpaqlarımızın 30 il ərzində işğal altında qalmasının günahkarı təkcə Ermənistan deyil. Ermənistanı silahlandıran və onlara dəstək verən tərəflər də Ermənistan qədər günahkardır. Həmçinin, 20 Yanvar faciəsini törədən mərkəz də hər kəsə bəllidir. Azərbaycan xalqı müstəqillik ideyalarını heç nəyə dəyişən deyil. Bununla yanaşı ölkəmiz özünün strateji istiqamətlərini seçib və Rusiya və digər MDB ölkələri ilə normal münasibətlərə malikdir. Nəinki 15, heç 50 il sonra da SSRİ-nin bərpa edilməsi mümkün deyil. Buna sərf edilən bütün istək və niyyətlər daha böyük parçalanmalara gətirib çıxaracaq. İmperiyaların yenidən dirçəlmə cəhdləri onların daha çox parçalanmasına səbəb olub. Ona görə də  hesab edirəm ki, Belarus prezidenti tarixə nəzərə yetirməlidir”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən