"Sanki xarici qüvvələrin ölkə daxilində hibrid müharibə planları həyata keçir" - Deputatdan AMEA ilə bağlı AÇIQLAMA
“Dövlət məmuru istənilən müzakirələrdə ilk növbədə dövlətin mənafeyinin qayğısına qalmalı, vətəndaşlara hörmət etməli, öz fəaliyyətində qanunçuluq prinsipinə, habelə hakimiyyətin bütün qollarına, bütün dövlətə münasibətdə bəlli çərçivə və prinsiplərlə uzlaşmalıdır”.
Bu sözləri Redator.az-a Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc son həftələr ərzində ölkəmizin gündəmində arzuolunmaz dərəcədə ağırlıq qazanan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və o ətrafda gedən hadisələrə münasibətini açıqlayarkən söyləyib.
O bildirib ki, AMEA-da baş verən hadisələr ətrafında yaranan rezonans, mənfi ictimai reaksiyalar dövlətçiliyimiz əleyhinə informasiya trendinə çevrilib:
“Zəfər tarixini yazan, milli birlik zirvəsini yaşayan xalqımız üçün, cəmiyyətimizin maraqları baxımından son dərəcə xoşagəlməz müzakirələrə şahidlik edirik. Bu ziyanlı qarşıdurma havası ən azı informasiya platformalarında daha da körüklənir, bilərəkdən arzuolunmaz məcraya yön alır. Burada maraqlı tərəflər olmamış deyil. Sanki xarici qüvvələrin ölkə daxilində hibrid müharibə planları həyata keçir. Uzun illər yüksək dövləti mövqedə olmaq, həm də daşıdığın məsuliyyəti sonadək çəkmək deməkdir. Əksinə verilən reaksiyalar fərqli mənzərəni ortaya çıxarır: Belə görünür ki, biz mənafeyimizə toxunanda əvvəlki ideallardan və bəyan edilən siyasi prinsiplərdən kənara çıxırıq, ifadə edilən açıqlamalarda istifadə olunan arqumentlər, keçmiş on illərdə siyasi hədəf olaraq mübarizə apardığın rəqib və əks düşərgənin hakimiyyəti zəiflətmək xəttinin tərkib hissəsinə, tezislərinə çevrilir. Bir həqiqətdir ki, istər siyasi sistemdə, istərsə də ümumiyyətlə həyatda heç nə əbədi deyil. Eləcə də, toxunulmazıq statusu da daimi olmur. Məlumdur ki, dövlət məmuru istənilən müzakirələrdə ilk növbədə dövlətin mənafeyinin qayğısına qalmalı, vətəndaşlara hörmət etməli, öz fəaliyyətində qanunçuluq prinsipinə, habelə hakimiyyətin bütün qollarına, bütün dövlətə münasibətdə bəlli çərçivə və prinsiplərlə uzlaşmalıdır. Bu, hətta arzu deyil, qanunvericiliklə müəyyən edilmiş etik kodeks və davranış normaları kimi bir tələbdir”.
Deputat bildirib ki, məhz dövlətçilik maraqlarına xidmət etməyi dövlətin zirvəsinin tapşırığı ilə müxtəlif hakimiyyət qollarına yönəldən insanların ayrı cür davranmağa sadəcə əsasları yoxdur:
"Heç bir beynəlxalq, yaxud daxili səbəb fərqli addımlara yol tanımır. Ulu Öndərin siyasi xəttinə sədaqət məhz bu prinsiplə başlayır və bitir. Önəmli olan ölkəmizdə bütün səviyyələrdə həyata keçirilən köklü islahatlar siyasətində dövlət başçısının siyasi kursunu dəstəkləmək, cəmiyyətdə milli birliyi qorumaq, sosial həmrəyliyimizə xələl gətirə biləcək istənilən prosesləri anında durdurmaqdır. Ölkədə zəfər tariximizi yazan prezident İlham Əliyevin örnəyi və siyasi kursu, ciddi kadr islahatları istənilən vəzifədə olan dövlət məmuru üçün etalon-prinsipdir. Ən başlıcası ondan ibarətdir ki, Prezident İlham Əliyev ölkəmizin uğurlu inkişafı üçün vəzifəli şəxslərin, vətəndaş-məmur münasibətlərinin mühüm əhəmiyyət kəsb etdiyini prioritet hesab edərək bildirib: “Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparır. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük".
Bu baxımdan istənilən rəhbər şəxs çalışdığı sahədə, xalqımızı zəfər tarixini yazan quruculuq, Böyük Qayıdış missiyasına xidmət etməlidir, uğurlara, inkişafa deyil, müxtəlif hakimiyyət və elmi cəmiyyətlə qarşıdurma mövzusuna çevrilirsə, o zaman qərar qəbulundan başqa yol qalmır. Cəmiyyətdə rezonans doğuran, uzun illər siyasi elitada təmsil olunan bir şəxsin açıqlamalarına olan reaksiyalar onu göstərir ki, Azərbaycanda dövlətə sədaqət və daşıdığın idealları hər zaman uca tutmaq ömürlük həyat amalı olmalıdır. Əks halda ətrafda neqativ meyillərin təşkilatlanmasına səbəb olursan və həmin şəxslərin üzərindən indiki halda hərbi Qələbəmiz və böyük regional gündəliyimiz və tarixi missiyamız zədə alır. Buna yol vermək olmaz. Düzgün qərar vermək, vəzifə təyinatından daha çox ölkə mənafeyinə xidmət edirsə, heç kəs başqa alterntivlərə yer verməməlidir. Ölkəmizi zəiflətmə planına rəvac vermək olmaz. Qabaqcıl ölkələrin təcrübəsi bu baxımdan örnəkdir və olduqca normal, qanunauyğun, məmur-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinə xidmət edən bir ənənədir. Bu ənənənin ölkəmizdə formalaşması, siyasi mədəniyyətin yaranmasına, inkişafına xidmət edən məsələdir. Azərbaycanda xalqımızın sosial ünsiyyətinə, cəmiyyətdə ahəngə xidmət etməyən, yersiz toqquşmalara rəvac verən heç bir davranışa yer olmamalıdır”.
Şəbnəm Mehdizadə












