Rusiya qoşunlarının Ukraynaya girməsi an məsələsidir - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, dünən Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciət edib. Daha sonra Rusiya Prezidenti Ukraynanın suveren ərazisi olan "Luqansk və Donetsk xalq respublikaları"nın "müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. O, eyni zamanda həmin "respublikalarla" əməkdaşlıq haqqında fərman da verib.
Maraqldır, Putinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı bu addımı nələrə gətirib çıxaracaq?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran politoloq Qabil Hüseynli bildirdi ki, Putin Ukraynanı müharibə ilə açıq şəkildə təhdid edir:
“Putinin bu qərarı vəziyyəti çox gərgin bir nöqtəyə gətirib çıxardı. Rusiya prezidenti müraciəti zamanı Ukrayna dövlətçiliyini çox aşağılayıcı sözlərlə təhqir etdi və Ukraynanın qurama bir dövlət olduğunu iddia etdi. O Ukraynanı müharibə ilə açıq şəkildə təhdid edir. Bu gün hadisələr çox gərgindir. Rusiya separatçı Donetsk və Luqansk respublikalarının müstəqiliiyini tanıdı. Yəqin ki, bir azdan onlar Rusiyaya birləşdiriləcək”.
Politoloq dedi ki, Rusiya qoşunlarının bu ərazilərə girməsi an məsələsidir:
“Rusiya prezidentinin çıxışından belə görünür ki, o, bütövlükdə Kiyevə, Odessaya qədər gedib bu torpaqları ilhaq etmək istəyir. Çox dəhşətli və bütün dünyanı qarşıdurmaya çəkən hadisələr baş verir. Bütün bunların Rusiyanın özünü də çətin vəziyyətə düşürəcəyini proqnoz etmək çətin deyil. Çünki bu gün Qərbin Ukraynaya qarşı öldürücü sanksiyaları yəqin ki, elan ediləcək. Üstəlik Rusiyanın bu cür hərəkətlərinə NATO və ABŞ səviyyəsində cavab tədbirlərinin hazırlanacağının şahidi olacağıq. Bütövlükdə Putinin siyasəti və təkbaşına verdiyi qərarlar dünyanı gərgin bir mərhələyə gətirib çıxardı".
Şəbnəm Mehdizadə












