Moskva Bəyannaməsində müstəqilliyimizi təhdid edən nəsə yoxdur - ŞƏRH
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Görüşün yekunu olaraq tərəflər arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Maraqlıdır, bu bəyannamə Azərbaycana nə vəd edir? Rusiya ilə Ukrayna arasındakı gərginliyin fonunda belə bir sənədin imzalanmasının arxasında bilmədiyimiz hansı həqiqətlər gizlənib?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Azərbaycan bütün dövlətlərlə normal münasibətlər qurmaqda maraqlıdır. Qonşu dövlətlərlə mehriban münasibətlərin yaradılması isə dövlətimiz qarşısında duran ən vacib məsələlərdəndir:
“Rusiya böyük dövlətlərdən biridir və eyni zamanda bizimlə qonşu ölkədir. Ona görə də biz balans yaratmaq üçün Türkiyə ilə yüksək səviyyədə müttəfiqlik yaratdıq. Rusiya ilə də müəyyən dərəcədə ona yaxın bir səviyyədə müttəfiqlik münasibətləri qurmağa çalışdıq və bu sənəd də imzalandı. Bunun ardınca biz İranla da münasibətdə belə addımlar atmağı düşünməliyik. Bölgə dövlətləri ilə münasibətlərimiz ən yüksək səviyyədə olmalıdır. Gələcəkdə Ermənistanla böyük sülh sazişinə nail olandan sonra bölgənin inkişafı üçün əlimizdən gələni etməliyik. Əsas məqsədimiz buna nail olmaqdır. Hesab edirəm ki, bu istiqamətdə öz maraqlarımıza uyğun addımlar atmağa davam etməliyik”.
Deputat onu da qeyd etdi ki, Moskva Bəyannaməsində müstəqilliyimizi hansısa formada təhdid edən nəsə yoxdur:
“Müqavilədə nəzərdə tutulub ki, bizim hansısa ölkə ilə münasibətimizdə başqa dövlətin ziyanına yönələcək heç nə yoxdur. Biz Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyirik. Müqavilədə ayrıca qeyd olunur ki, BMT nizamnaməsinə, beynəlxalq konvensiyalara uyğun addımlar atılmalıdır. Biz məsələyə bu istiqamətdə yanaşırıq. Hansısa öhdəlik götürməyimiz də bu müqavilədə nəzərdə tutulmayıb. Azərbaycan ənənəvi xarici siyasət kursunu davam etdirəcək. Azərbaycan dövlətlərlə münasibətdə Rusiyadan asılı olmayacaq. Necə ki, Türkiyə ilə müqavilə imzalayanda kimlərinsə xoşuna gəlmədi. Rusiya ilə bağlanan müqavilə bizim maraqlarımıza xidmət edirsə, niyə bu addımı atmayaq?”
Politoloq Tofiq Zülfüqarov isə mövzu barədə danışarkən Moskvada imzalanan sənədin Şuşa Bəyannaməsi ilə oxşarlığının olduğunu dedi:
“İlk növbədə onu qeyd etmək lazımdır ki, bu müqaviləni Ukraynada baş verən hadisələrə bağlamaq olmaz. Bu cür sənədlər xeyli öncədən hazırlanır və üzərində bir neçə ay ciddi iş aparılır. Hadisələrin üst-üstə düşməyi sadəcə olaraq təsadüfdür. Müstəqillik dövründə Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən yüzlərlə ikitərəfli sənədə qol çəkilib.
İndiki halda müttəfiqliyə aid bir çox suallar ortaya çıxır. Lakin 1997-ci ildə qol çəkilən Dostluq və Əməkdaşlıq sazişini yada salmaq istərdim. Orada dördüncü bənddə xüsusilə qeyd olunub ki, əgər tərəflərin birinə hansısa hərbi təhlükə yaranarsa, tərəflər üzərinə qısa müddətdə müzakirələr aparmaq öhdəliyi götürür. Bu müzakirələrin mövzusu həmin təhlükəni aradan götürmək üçün qarşılıqlı və birgə səyləri nəzərdə tutur. Yəni müttəfiqlik barəsində öhdəliklər hələ 1997-ci ildə təsbit olunub. Burada yeni bir şey yoxdur. Bu mənada imzalanan sənədin Şuşa Bəyannaməsi ilə oxşarlığı var. Yeganə fərqi odur ki, Şuşa Bəyannaməsində təhlükəsizliyi qiymətləndirən qurumların daim o təhlükələrin monitorinqinin aparılması və bir-biri ilə əlaqədə olması mexanizmi var. Bu təhlülkəsizliyi qiymətləndirmə mexanizmi Moskva Bəyannaməsində yoxdur”.
Şəbnəm Mehdizadə












