“Yaxın saatlarda Putin öz başını itirəcək" - AÇIQLAMA

 12:02 24.02.2022     11117

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya ordusu Ukraynanın işğalına başlayıb. Son məlumatlara görə Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub. 

Maraqlıdır, hərbi əməliyyatlar geniş arealı əhatə edəcəkmi? Rusiya bu müharibədən qalib ayrılacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Ukrayna ilə müharibə Rusiya tarixində hərbi siyasi rəhbərliyin bu günə kimi verdiyi ən yanlış və səhv qərar oldu:

"Bu yanlış qərarın Rusiya üçün necə acı nəticələrə səbəb olacağını yaxın saatlarda hamı görəcək. Çünki 2014-cü ildən sonra ağzında şirə qalan Vladimir Putin, Sergey Lavrov, Sergey Şoyqu düşünür ki, 2022-ci ildə də nəyəsə nail olacaqlar. Ötən günlərdə Rusiya prezidenti iki separatçı qurumu müstəqil dövlət kimi tanıdı. Bütün dünyanın Rusiyaya xəbərdarlıq etməsinə baxmayaraq Putin bu gün səhər saatlarında Ukrayna kimi böyük bir dövlətə qarşı hərbi əməliyyatlara başladı. Hazırda çoxlu işan itkiləri var və bu davam edəcək. Bu müharibənin Rusiya üçün həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən ağır nəticələri olacaq. Rusiyanın Ukraynanı işğal edəcəyi haqda iddialar boş və mənasızdır”.

Ekspert əlavə edib ki, Putin bu avantüraya getməməli idi:

“Yaxın saatlarda dünyada söz sahibi olan dövlətlər iqtisadi və siyasi cəhətdən Rusiyanın başına elə bir oyun açacaq ki, Putin öz başını itirəcək. Bu gün Rusiyanı dəstəkləyən yeganə dövlət Belarusdur. Başqa heç kim Rusiyanı dəstəkləməyəcək. Qardaş Türkiyə və digər dövlətlər də öz sözünü deyib. ABŞ prezidenti və NATO rəhbərliyi bəyanat yayıb. Almaniyanın yeni kansleri Olaf Şolts Rusiyadan dərhal döyüş əməliyyatlarını dayandırmasını tələb edib. Bir sözlə Rusiya başını elə bir oyuna salıb ki, bu oyundan çıxa bilsə, Allaha təşəkkür etməlidir. Təəssüf ki, artıq ox yaydan çıxıb artıq. Nə baş verəcəyini yaxın saatlarda görəcəyik. Hərbi əməliyyatların geniş areala çıxmasına imkan verilməyəcək. Ukrayna kifayət qədər böyük dövlətdir və imkanları da lazımi qədərdir. Ukrayna Ali Radası bu gün hərbi vəziyyətin elan edilməsini təsdiqlədi. Silah altında olan şəxsi heyət və ehtiyatda olan hərbçilərin sayı kifayət qədərdir. Ukrayna xalqı son nəfəsinə müqavimətə hazırdır. Rusiya öz məqsədinə çata bilməyəcək”.

Şəbnəm Mehdizadə