"Ukrayna Rusiyanın hücumlarına qarşı hazır deyilmiş" - Deputat

 15:53 24.02.2022     519

“Azərbaycan separatizmi yaşayan bir dövlət kimi heç bir halda separatizmi dəstəkləyə bilməz”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev Rusiyanın Ukraynaya hərbi təcavüzünə münasibət bildirərkən deyib. O, Ukraynanın müharibəyə hazırlığının zəif olduğunu da bildirib:

“Müharibənin uzun müddət davam edib-etməyəcəyini yalnız Allah bilir. Hərbi əməliyyatların miqyasının genişlənin-genişlənməyəcəyini indidən demək olmaz. Lakin belə görünür ki, bu müharibə uzun müddət davam etməyəcək. Rusiyanın hücumlarına qarşı Ukrayna hazır deyilmiş. Müharibənin başladığı ilk saatlarda Rusiya Müdafiə Nazirliyi məlumat yaydı ki, artıq Ukraynanın bir çox hərbi bazaları və aviasiyası havadan hücum sistemləri sıradan çıxarılıb. Belə görünür ki, Ukraynanın bu müharibəyə hazırlığı zəif olub. Əgər Ukrayna xalqı öz suverenliklərini qorumaq üçün ölüm-dirim mübarizəsinə qalxarsa, bu münaqişə təbii ki, uzanacaq. Əgər bu olmazsa, Rusiya Ukraynadakı hakimiyyəti devirib öz istədiyi adamı hakimiyyətə gətirə bilər”.

Deputat qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir:

“Azərbaycanın bu məsələdə tutduğu mövqeyinə gəldikdə isə rəsmi səviyyədə dövlət başçısı və XİN rəhbərliyi bu mövqeyi açıqlayacaq. Siyasi partiya sədri olaraq isə bildirməliyəm ki, sərhədlərin və ərazilərin toxunulmazlığı müqəddəsdir. Bu mənada biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Ukraynanın ərazisində yaradılan qondarma rejimləri tanımırıq. Bu, Ukraynaya təzyiq vasitəsidir. Azərbaycan seaparatizmi yaşayan bir dövlət kimi heç bir halda separatizmi dəstəkləyə bilməz. Biz Ukraynadakı separatçı qüvvələri dəstəkləmir və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmağı istəyirik. Heç bir ölkənin sərhədlərinə toxunulmamalıdır”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən