"Ukraynada baş verənlər Cənubi Qafqaza təsirsiz ötüşməyəcək" - Politoloq
“Ukraynada baş verənlər Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına təsirsiz ötüşməyəcək”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsi İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün çox ciddi bir çağırışdır:
“Bu gün səhər saatlarında hərbi əməliyyatlara start verildi. Bu, gözlənilən idi. Təəssüflər olsun ki, 2014-cü ildən sonra Ukrayna xalqı yenə də ciddi sınaq qarşısındadır. Bununla da geosiyasi güclər beynəlxalq münasibətlərin xaotik olduğunu bir daha sübut etdi. İkinci Dünya müharibəsindən sonra yaranan BMT və digər beynəlxalq təşkilatların əsas vəzifəsi belə müharibələrin qarşısını almaq və dünyada sülhü tənzimləməkdir. Lakin elə BMT-nin Təhlükəsizlik Şurasının beş dövləti beynəlxalq hüququ pozmaqla məşğuldur. Ukrayna hadisələrində ABŞ və Rusiya arasındakı geosiyasi mübarizənin nəticələrini görməkdəyik. Bu müharibə İkinci Dünya müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün çox ciddi bir çağırışdır”.
Politoloq bildirib ki, bu müharibə onu göstərir ki, müstəqillik illərində Azərbaycan düzgün xarici siyasət yürüdə bilib:
“Sözsüz ki, Ukraynada baş verənlər Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına da təsirsiz ötüşməyəcək. Bu müharibənin digər qonşu ölkələrə təsir etməsi mümkündür. Azərbaycan üçün bu hadisə bir daha göstərdi ki, biz xarici siyasətdə düzgün qərarlar verməliyik. 30 il ərzində biz bunu bacarmışıq. Lakin görünür bəzi dövlətlər hegemon dövlətlərin geosiyasi mübarizəsində arada qalaraq öz dövlət təhlükəsizliyini və milli maraqlarını ciddi sınaq qarşısında qoyub”.
Şəbnəm Mehdizadə












