"Dost və qonşu ölkənin humanitar yardıma ehtiyacı varsa..." - Deputatlar Ukraynaya yardımdam danışdı

 14:46 28.02.2022     1420

Bir neçə gündür Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Yüzlərlə insanın öldüyü bu müharibə zamanı Ukrayna xalqının qida və dərman dəstəyinə ciddi ehtiyacı yaranıb. Bu mənada dünyanın əksər ölkələri Ukraynaya hərbi və humanitar dəstək göndərir. Elə Azərbaycan da bu ölkələr arasındadır. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib:

“Azərbaycan dövlətinin bu təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyün dəstəkləyib. Ukrayna bizim üçün tərəfdaş bir dövlətdir. Bu gün atılan humanitar addımlar çox təqdirəlayiq haldır. Ukraynanın prezidenti Volodimir Zelenski də Azərbaycanın mühüm strateji tərəfdaş olduğunu qeyd etdi. Prezident İlham Əliyev də öz rəsmi tvitter səhifəsində də bu haqda yazdı. Burada məqsəd müharibəyə kömək etmək deyil və  hərbi köməkdən söhbət getmir. Əsas məsələ mənəvi və humanitar dəstəkdir”.

Millət vəkili Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanın Ukraynaya humanitar dəstəyi hər şeydən əvvəl Ukrayna-Azərbaycan münasibətləri konteksində qiymətləndirilməlidir:

“İki dövlət arasında münasibətlər hər zaman ən yüksək səviyyədə olub. Ukrayna və Azərbaycan qarşılıqlı şəkildə beynəlxalq təşkilatlarda, təşkilati münasibətlərdə həmişə bir-biri ilə maraqlarını uzlaşdırmağı bacarıb. Ukrayna və Azərbaycan xalqlarını dərin mədəni, humanitar, tarixi əlaqələr birləşdirir. Hazırda müharibə şəraitində Ukrayna xalqına yardım göstərmək Azərbaycanın humanist dəyərlərə söykənərək qəbul etdiyi ən doğru qərardır. Əgər bir ölkədə müharibə gedirsə, dost və qonşu ölkənin humanitar yardıma ehtiyacı varsa, bunun qarşılanması ən doğru və humanist qərardır. Nəzərə almaq lazımdır ki, Ukrayna və Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni münasibətlər çox dərindir”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən