“300-dən çox rayon və kənd dağıdılıb, bərpası 1 ilin işi deyil” - Baş nazir
“İllər boyu kommunalla, yolla, enerjiylə bağlı məsələlər qaldırılır. Qazlaşma ilə əlaqədar demək istəyirəm ki, 97 % qazlaşma ən böyük qaz ixrac edən ölkələrdə də yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, o, bunu öz işlərini ağartmaq üçün demir: “Problemlər var və o istiqamətdə işlər görüləcək. Ümumiyyətlə, bizim iqtisadi durumumuz və vəziyyətimizi yada salım. 2019-cu ildən başlayaraq neft qiymətləri aşağı düşdü, dünyanı və Azərbaycanı pandemiya bürüdü. Tətbiq edilən məhdudiyyətlər şəraitində həm dövlət müəssisələri, həm dövlət təşkilatları, həm də özəl şirkətlər qapanırdı. 2020-ci ildə uzun illər arzumuz olan Qarabağ məsələsini nöqtələdik. Burada mən bunun hərbi, maliyyə hissəsinə toxunmayacam. Ancaq şəhidlərimiz, qazilərimiz və onların ailə üzvlərinə göstərilən qayğı var. Ermənistanla olan sərhədlərin qurulması əsas prioritetdir. 300-dən çox rayon və kənd dağıdılıb. Bunların bərpası 1 ilin işi deyil”.












