“Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğuna maneə törətməkdir” - Leyla Abdullayeva

 12:06 20.03.2022     520

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın Şuşa şəhərində keçirilmiş konfransda BMT nümayəndəsinin iştirakı ilə bağlı Ermənistan XİN-in etiraz bildirməsinə dair KİV-in sualını cavablandırıb.

Redaktor.az xəbər verir ki,  onun sözlərinə görə, Azərbaycan Respublikasının suveren ərazilərində hər hansı tədbiri təşkil etməsi və bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı Ermənistanın kompetensiyasına aid bir məsələ deyil. Ermənistanın digər dövlətin daxili işlərinə qarışması əsassız və yolverilməzdir.

"Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi bu ölkənin 44 günlük müharibədən doğru nəticə çıxarmadığını nümayiş etdirir. Ermənistan XİN-in bu mövqeyi Azərbaycanın beynəlxalq ictimaiyyətin aparıcı üzvləri ilə birgə bölgədə sülh quruculuğu səylərinə maneə törətmək cəhdindən başqa bir şey deyildir.

Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Şuşa Azərbaycanın əzəli ərazisidir. Azərbaycanın mədəniyyət beşiyi olan bu şəhər, digər ərazilərimizlə yanaşı 2020-ci ildə azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. BMT heç vaxt keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı neytral mövqe sərgiləməyib, əksinə Baş Assambleya və Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu xüsusda, Ermənistan XİN-in hansı “neytral statusu” bərpa etməyə çağırması aydın deyil.

Yekunda, bir daha təkrar etmək istərdik ki, Ermənistan bölgədəki post-münaqişə reallıqlarını nə qədər tez qəbul edərsə, bu ölkə üçün bir o qədər faydalı olar",- L.Abdullayeva bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən