Nazirlər deputatların zənglərini cavabsız qoyur? – SORĞU

 11:02 24.03.2022     5215

Xəbər verdiyimiz kimi, Milli Məclisin sonuncu plenar iclasında deputat Tahir Kərimli Baş nazir Əli Əsədova şikayət edərək bildirib ki, bəzi hökumət üzvləri deputatların zənglərinə cavab vermir. Yəni nazirlər, dövlət qurumlarının rəhbərləri deputatların təmsil olunduqları rayonların, seçicilərin problemini, şikayətini dinləmək istəmirlər.

Redaktor.az digər deputatlar arasında kiçik sorğu apararaq, hökumət üzvlərinin onlara da eyni münasibət göstərib-göstərmədiyini öyrənib.

Deputat Hikmət Babaoğlu bildirdi ki, elə bir problemi yoxdur:

“Mən bütün icra strukturlarının bütün rəhbər orqanları ilə istədiyim vaxt əlaqə saxlaya bilirəm. Mənim İcra hakimiyyəti strukturları ilə kommunikasiyada heç bir problemim yoxdur”.

Millət vəkili Aydın Hüseynovun sözlərinə görə, bir dəfə Azərbaycan Dövlət Neft Şirkəti ilə problem yaşansa da, nazirlərlə bağlı şikayəti yoxdur:

“Bəli, mən Rəqəmsal İnkişaf Naziri Rəşad Nəbiyevə müraciət etmişəm. Rəşad Nəbiyev çox operativ şəkildə cavablandırıb, problemi həll edib. Telefonu göstürməyən nazirə rast gəlməmişəm. Əgər telefonu götürməyən varsa, cavab verən nazirlərə baxıb, nümunə götürsünlər. Neft Şirkəti ilə bağlı bir il bundan qabaq bir məsələ olmuşdu. Ancaq nazirlə bağlı elə bir şey olmayıb. Məktub göndərmişdik, məktublarımız cavablandırılıb”.

Deputat Azər Badamov deyir ki, zəngləri və sorğuları həmişə hörmətlə qarşılanır:

“Mənim hökümət üzvləri ilə bağlı bir problemim olmayıb. Bütün zənglərim, müraciətlərim, sorğularım çox hörmətlə qarşılanır, həmişə də vaxtında cavab veriblər. Heç bir şikayətim yoxdur”.

Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, bu hal deputatların da, məmurların da başına gələ bilər:

“Telefonlara cavab verilməməsi ümumi bir vəziyyətdir və tək mənimlə bağlı deyil. Təəssüf ki, bu, bütün deputatların başına gəlir. Yəqin ki, məmurların özlərinin də başına gəlir. Yəqin ki, məndə də olub, amma yadımda deyil”.

Deputat Razi Nurullayev bildirdi ki, belə bir hal yalnız bir dəfə başına gəlib:

“Mənim hökumət üzvləri ilə danışmaq problemim yoxdur. Yalnız bir dəfə olmuşdu. Rövnəq Abdullayev telefonumu götürməmişdi. Mən onu ictimailəşdirdim. Onunla bağlı ölkədə böyük bir qalmaqal yaşandı. Bu hadisə böyük bir səs-küy yaratdı. Amma başqa vaxtlar mənim elə bir problemim olmayıb”.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən