Deputatdan Azərbaycanı nüvə silahı ilə vurmağa çağıran rusiyalı həmkarına REAKSİYA
Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat yaşanıb. Belə ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib. O, çıxışı zamanı ölkəmizi aqressiyada günahlandırıb və Azərbaycan neft sənayesinə hərbi zərbə endirilməsini təklif edib.
Rusiyalı deputat bununla kifayətlənməyib və öz rəsmi teleqram kanalında Azərbaycana qarşı taktiki nüvə silahından istifadə ilə bağlı sorğu aparıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, bu cür hərəkətlər yolverilməzdir:
“Hesab edirəm ki, Rusiyanın hakimiyyət orqanları buna qarşı sərt inzibati tədbir görməlidirlər. Rusiya ilə Azərbaycan arasında təqribən bir ay olar ki, müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzalanıb. Bu sazişdə deyilir ki, tərəflər bir-birinə qarşı ancaq dostluq münasibəti yürüdəcəklər və bu barədə öhdəlik götürüblər. Yəni bu baxımdan Rusiyada kimsə Azərbaycanın sənaye obyektlərini bombardman etmək və Azərbaycana qarşı təhdidedici çıxışlar vermək istəyirsə, hesab edirəm ki, bu artıq ağır cinayətdir. Şübhəsiz ki, bu cür hallara yol verən Rusiya kütləvi informasiya vasitələrinə Azərbaycanın Rusiyadakı səfirliyi çox ciddi etirazını bildirməlidir”.
Deputat həmçinin bildirdi ki, Rusiya mətbuatının Azərbaycana qarşı nifrətinin səbəbi ermənipərəstlikləridir:
“Şübhəsiz ki, burada erməni ideologiyası aydın görünür. Rusiya mətbuatında erməni əsilli jurnalistlər çoxdur və onların əhəmiyyətli bir hissəsi redaktor və yaxud da redaksiyanın siyasətini müəyyənləşdirən postlarda əyləşiblər. Bu baxımdan, vaxtaşırı Azərbaycanla bağlı yalan, təhdid, qeyri-obyektiv informasiya yayılmasına çalışırlar. Azərbaycanın Vətən müharibəsində qələbəsini heç cür həzm edə bilmirlər. Buna görə də məqsədli surətdə o şəxslərdən müsahibə alır və ya verilişlərə dəvət edirlər ki, onlar Azərbaycan əleyhinə çıxışlar etsinlər”.
Aydın Mirzəzadənin sözlərinə görə, Rusiya cəmiyyətinin əksəriyyəti Azərbaycana dost gözü ilə baxır:
“Mən sizə deyim ki, Rusiya cəmiyyətində Azərbaycana qarşı aqressiya yoxdur. Ancaq ermənilərin təsiri altında olan Rusiya mətbuatı Azərbaycanı düşmən kimi qələmə verməyə çalışır. Məsələn Rusiyanın rəy öyrənmə mərkəzləri vaxtaşırı Rusiya cəmiyyətində “Rusiyanın ən yaxın dostları kimdir?” rəy sorğusu keçirirlər. Ötən il bu siyahıda Azərbaycan beşinci yerdə olub. Yəni göründüyü kimi Rusiya cəmiyyəti Azərbaycana dost kimi baxır. Ancaq ayrı-ayrı şəxslər və kütləvi informasiya vasitələri Azərbaycana qarşı aqressiyalarını ümumiyyətlə gizlətməyə çalışmırlar. Bu baxımdan sonuncu təhdidləri və çağırışları hesab edirəm ki, diqqətdən kənarda qoymaq olmaz”.
Deputat həm də qeyd etdi ki, elə Azərbaycanın hər dəfə qazandığı uğurlar ölkəmizi təhdid edənlərə ən yaxşı cavabdır:
“llk növbədə rəsmi şəkildə yəqin ki, buna münasibət bildiriləcək. Mən inanıram ki, Rusiyadakı səfirliyimiz bu məsələdə bir nümunə olacaq. Digər tərəfdən Azərbaycan reallığı, Azərbaycan dövlətçiliyinin qazandığı uğurlar bu təhdidlərə ən yaxşı cavabdır”.
Zərif ÜLVİQIZI












