"Rusiya-Ukrayna müharibəsi ən çox ziyanı Türkiyə, Azərbaycan kimi dövlətlərə verir" - Deputat

 14:09 31.03.2022     785

Xəbər verildiyi kimi, srağagün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü baş tutub. Bundan əlavə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə rusiyalı və ukraynalı həmkarları ilə iki ölkə arasında müharibənin dayandırılması üçün danışıqlar aparıb. Bu istiqamətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da həm Rusiya, həm Ukraynadan olan həmkarları ilə mütəmadi əlaqədə olduğunun şahidiyik. Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki səyləri hər kəs tərəfindən alqışlanır.

Bəs, Türkiyənin belə fəal şəkildə səy göstərməsinin səbəbi nədir? Türkiyənin rolu sayəsində müharibə tezliklə bitə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Türkiyənin əslində məqsədi müharibənin dayanmasıdır:

“Çünki müharibə ən çox ziyanı Türkiyə, Azərbaycan kimi dövlətlərə verir. Çünki qonşu ölkələrdə müharibə olanda bütün iqtisadi əlaqələr pozulur. Digər tərəfdən, müharibənin acı nəticələri həm də Türkiyənin sərmayə yatırdığı ölkələrin pis vəziyyətə düşməsinin sonra Türkiyə iqtisadiyyatına da ağırlığını göstərməsindədir. Turizm potensialı da böyük zərbə alır. Ona görə də Türkiyə fikirləşir ki, müharibə nə qədər tez dayansa daha sabit münasibətlər formalaşdırmaq olar. Burada da Türkiyənin mövqeyi kifayət qədər güclüdür. Hər iki dövlətin ona etimad bəsləməsi Türkiyənin həm də beynəlxalq çəkisini artırır. Məncə İstanbuldakı görüş də uğurlu bir gediş idi. Bu gedişi də davam etdirmək lazımdır. Çalışmaq lazımdır ki, sülh əldə olunsun”.

Deputat həmçinin bildirdi ki, müharibənin sona çatması sadəcə Türkiyə, Ukrayna və Rusiyadan asılı deyil.

“Bu məsələ hesab edirəm ki, elə də mürəkkəb izah olunmamalıdır. Türkiyə sadəcə cəhdlər edir. Türkiyənin imkanları da elə hüdudsuz deyil. Amma həm də Türkiyənin bu cəhdlərini qısqananlar da var. Əslində Qərb ölkələri heç buna maraqlı da deyillər ki, bu baş tutsun. Amma Türkiyə ümumi olaraq həm sülhü, həm də özünün vəziyyətini nəzərə alaraq bu məsələdə aktivlik göstərir. Bu müharibənin əslində qurtarmaq ehtimalı ola bilər. Amma bu təkcə Türkiyə, Rusiya və Ukraynadan asılı deyil. Həm də beynəlxalq güclərdən asılıdır. Çünki onlar da bu işin içinə qarışmış durumdadırlar”, - deyə Fazil Mustafa bildirdi.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən