“Bunlara cavab verəndə elə başa düşürlər ki, çox böyük adamlardır” - Vahid Əhmədov
Xəbər verdiyimiz kimi, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycanı hədələyib.
Belə ki, o, ölkəmizi “Kalibre” və “İsgəndər” raketləri ilə təhdid edib.
Xatırladaq ki, bundan bir neçə gün öncə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Mixayıl Delyagin də Azərbaycanı nüvə silahı ilə hədələmişdi. Bu səbəbdən Azərbaycan Baş Prokurorluğu Delyagin barəsində cinayət işi başladıb və rus deputat İNTERPOL vasitəsilə axtarışa verilib.
Bəs görəsən, rusiyalı deputatların Azərbaycanı hədəf seçməsində məqsəd nədir?
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Vahid Əhmədov dedi ki, son zamanlar Rusiyadakı şəxslərin Azərbaycan haqqında fikirlər səsləndirməsi ölkəmizin atdığı addımlar ilə bağlıdır:
“Rusiya ilə münasibətlər müttəfiqlik səviyyəsində imzalanıb. Amma yenə Ermənistanla müharibənin, münaqişənin başlanmasına təhrik etmək istəyirlər. Ermənistanın Baş nazirinin danışığına qulaq asdım, fikir verirəm ki, yenə sülh sazişini imzalamaqdan danışır. Amma arada bir şey yoxdur. Azərbaycan xüsusilə Fərrux kəndini aldıqdan sonra onlar fəaliyyətə başladı. Amma bu ərazi Azərbaycanın öz torpağıdır. Faktiki orada heç bir iş görülməyib, sadəcə ordu qüvvələri dislokasiya olunub. Bunu şişirtdilər. Bunlar hamısı Azərbaycan torpaqlarıdır, Azərbaycanın ərazisidir. Gec-tez Xocalı məsələsi də, Xankəndi də həll olunacaq. Ona görə də bunlar hələlik bunu qəbul etmirlər”.
Deputat bildirdi ki, Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri orada çox yanlış hərəkətlər edir:
“Bizim imzaladığımız 10 noyabr sazişinə əməl etmirlər. Ermənilərin yaraqlı dəstələri faktiki olaraq orada fəaliyyət göstərir. Onları oradan çıxarmırlar. Ona görə də Azərbaycan dövləti, Müdafiə Nazirliyi tamamilə düzgün addım atır. Öz ərazisində dislokasiya əməliyyatları həyata keçirir”.
Vahid Əhmədovun fikrincə, rusiyalı deputatlara əhəmiyyət verməmək lazımdır:
“Son vaxtlar ümumiyyətlə Qarabağla əlaqədar məsələlərdə müəyyən problemlər yarandığı üçün bunlar hamısı - Delyagin, Şerin və s. belə deyirlər, bəyanatlar verirlər. O deputat və ya digərləri yəqin ki, bu vəziyyəti hiss edirlər. Hiss edirlər ki, dünya düzəni dəyişir. Rusiya bu dəqiqə Ukrayna ilə müharibədə çox pis vəziyyətdədir. Ona görə də mən hesab edirəm ki, bunlara heç ümumiyyətlə əhəmiyyət verməmək lazımdır”.
Deputat qeyd etdi ki, Aleksandr Şerinə də lazımlı cavab veriləcək:
“O deputatın çıxışı o qədər də qəliz deyil. Delyaginin çıxışı birbaşa təhdid idi. Bomba atılsın, neft kəmərləri, qurğuları vurulsun və s. Bunda elə şey yoxdur. Bu, bir balaca, yüngülvari üstündən keçib. Onsuz da onun çıxışlarına cavab veriləcək. Amma bunlara da cavab verəndə elə başa düşürlər ki, bunlar çox böyük adamlardır. Rusiya dövlətinin özünün bu dəqiqə vəziyyəti çox gərgindir. Sanksiyalar, ümumiyyətlə iqtisadi, siyasi vəziyyəti çox çətin vəziyyətdədir. Ona görə də, onlar yaxşı olar ki, özləri buna dəstək versin”.
Zərif ÜLVİQIZI












