“Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsi real deyil” - Siyasi analitik
“Danışıqlar prosesinin başlaması və bu şəkildə davam etməsi çox ümidverici və müsbət bir haldır”.
Bunu Redaktor.az-a siyasi analitik Lətif Şüküroğlu İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqlar zamanı əldə olunan razılaşmaları şərh edərkən deyib.
Onun fikrincə, danışıqların ilkin müsbət nəticələri olsa da, yaxın zamanlarda müharibənin bitməsi gözlənilmir:
“Müsbət nəticələr birincisi onunla əlaqəlidir ki, Rusiya tərəfinin Ukraynaya qarşı bir sıra iddiaları var idi. Bu tələblərin böyük bir hissəsi təbii ki, Ukrayna tərəfindən qəbul ediləsi tələblər deyildi. Yəni Ukrayna o tələbləri qəbul etdiyi halda ərazi itkilərinə məruz qala bilərdi. O tələblərin qəbul olunması Ukraynanın dövlət müstəqilliyinə qarşı yönəlmişdi. Ukraynanın hakimiyyətində belə dəyişikliklərin edilməsinə qədər Rusiyanın bir sıra tələbləri var idi. Birinci məsələ nədən ibarət idi? Rusiya müharibədən qabaq da belə bir təbliğat mexanizmi işə salmışdı ki, Ukraynada hansısa faşist qrupları, faşistyönlü təşkilatlar var. Ukraynadan tələb olunurdu ki, nasizm istiqamətində hərəkətlərdən və fəaliyyətlərdən geri dursun. Artıq bu tələb yoxdur ortada. Çünki Ukraynada heç bir nasist təşkilatı, faşist yönümlü təşkilat yox idi. Bunların olmadığı təqdirdə təbii ki, Ukrayna bununla bağlı heç bir tədbir də görə bilməzdi. Bu tələb artıq özlüyündə aradan çıxdı”.
L.Şüküroğlu qeyd etdi ki, Rusiyanın ikinci tələblərindəın biri Ukraynanın tam silahsızlaşdırılması idi:
“Yəni ordudan tamamilə məhrum olsun. Bir xalq, dövlət öz müstəqilliyinin qorunması üçün, ərazi bütövlüyünü, suverenliyini, əhalisinin təhlükəsizliyinin qorunması üçün sözsüz ki, orduya, silahlı qüvvələrə malik olmalıdır. Ukrayna və ya digər dövlət bu tələbi necə yerinə yetirə bilərdi ki, öz dövlətinin, xalqının təhlükəsizliyini zərbə altında qoysun və tam silahsızlaşsın, silahlardan tamamilə imtina etsin? Bu, əslində ordunun faktiki olaraq fəaliyyətsizləşdirilməsi deməkdir. Bu tələb də yerinə yetirilə bilməzdi. Bu tələbdən də Rusiya əsasən demək olar ki, geri çəkilir. Nə mənada? Ukrayna ordusunun nisbətən silahsızlaşdırılmasından söhbət gedir. Burada da sətiraltı nəzərdə tutulur ki, Qərbin Ukraynaya verdiyi silah onlarda istifadə olunmasın, Ukrayna gələcəkdə Qərb dövlətlərindən Amerika başda olmaqla hansısa hərbi yardımlar almasın, hərbi yönlü, hərbi təyinatlı texnika əldə etməsin. Söhbət bundan gedirdi. Demək olar ki, Rusiya bu tələbdən də tam imtina etməsə də, əsasən bu da ikinci plana keçib”.
İstanbuldakı danışıqlarda əldə olunan nəticələrə nəzər salan ekspertin sözlərinə görə, Rusiyanın tələb etdiyi məsələlərdən biri o idi ki, Ukrayna hər hansı bir hərbi yönlü bloka qoşulmasın:
“Söhbət konkret olaraq NATO-dan gedir. İstanbuldakı razılaşmalarda Ukrayna tərəfi yazılı şəkildə üzərinə öhdəlik götürdü ki, Ukrayna heç bir halda NATO-nun üzvü olmayacaq və bu istiqamətdə hansısa fəaliyyətlər var idisə, dayandırılır. Yəni Rusiyanın bu tələbi yerinə yetirilir”.
L.Şüküroğlu qeyd etdi ki, İstanbul danışıqlarında ikinci razılaşma Krımla bağlı idi:
“Rusiya 2014-cü ildə Ukraynanın Krım bölgəsini faktiki olaraq işğal etmişdi. Bu danışıqların nəticəsində razılıq əldə olunur ki, Krım məsələsinin müzakirəsi 15 il sonrakı ilə qalır. Bu artıq Ukraynanın müəyyən qədər qələbəsidir. Çünki indiyə qədər, müharibədən əvvəl də, müharibənin getdiyi günlərdə də Rusiya Krımı öz ərazisi elan edirdi. Orada əhalinin əksəriyyətinin ruslardan ibarət olmasını əsas gətirirdilər. Bunun əsasında da Ukraynanın Krım yarımadasına öz hüququnu tamamilə qanuni hesab edirdi. Ancaq indi Rusiya sanki bir addım geri atmış kimi oldu. Yəni Krım məsələsinin müzakirəsi 15 il sonra tərəflər arasında masaya yatırılacaq. Bu, Rusiyaya və ya Ukraynaya nə verəcək, bunu sonrakı proseslər göstərə bilər. Burada çünki Qərb dövlətlərinin, həm tərəflərin özünün müəyyən fikirləri, təklifləri var ki, Krımın gələcəyini necə görürlər. Əsas ideyalardan biri budur ki, Krımda ola bilər ki, nə Ukraynanın, nə Rusiyanın tərkibində olmamaq şərti ilə hər iki tərəfin razılığı ilə orada ümumi bir idarəetmə forması yaradıla bilər və bu məsələnin həlli də zamanla, tutaq ki, 15-20 ildən sonra referendum keçirilə bilər, yenidən xalq özü müəyyənləşdirə bilər ki, əgər seçim nəzərdə tutulacaqsa, hansısa ölkənin tərkibində olsun”.
Siyasi analitikin sözlərinə görə, Rusiyanın tələbləri içərisində nəzərdə tutulur ki, Qərb dövlətlərinin Ukrayna ərazisində hər hansısa silahlı birləşmələri yerləşməməlidir:
“Ukrayna artıq İstanbul danışıqlarında bu öhdəliyi də üzərinə götürüb ki, Ukraynada ikinci dövlətin hərbi hissələri və yaxud da hərbi mövcudluğu heç vaxt olmayacaq. Yəni Rusiyanın bu tələbi də yerinə yetirildi”.
L.Şüküroğlu Ukraynanın əsas tələblərindən də danışdı:
“Ukraynanın birinci tələbi öz təhlükəsizliyinə zəmanət idi. Yəni Rusiya qoşunları Ukraynadan çıxarılmalıdır.
Yəni hazırda Ukraynaya hücum etmiş Rusiya qoşunları 2700 km-dən artıq bir ərazidə yerləşdirilib. Dövlətin paytaxtı Kiyev istiqamətində hərəkət etməkdə olan rus qoşunları Ukraynanın bir çox şəhərlərini mühasirəyə alıb, ikinci böyük şəhəri Xarkov artıq bir aydır bombalanır. Ukrayna hərbi obyektlərlə yanaşı mülki obyektləri - yaşayış evlərini, uşaq bağçalarını fərq etmədən bombalayan və raketlərlə vuran Rusiyanın bu hərəkətlərindəm geri durmasını tələb edir. Bir aya yaxındır ki, 500 minə qədər əhalisi olan Mariuopol kimi böyük bir şəhər Rusiya qoşunlarının mühasirəsindədir. Burada bombalamaqdan əlavə, həmin o qoşunların birbaşa apardığı döyüş əməliyyatlarında həlak olan hərbiçilərlə yanaşı çoxsaylı mülki əhali var. Mülki əhalinin bir hissəsi qalıb şəhərdə və hələ də şəhərdən çıxa bilmir. Yəni humanitar dəhlizlər də verilmir.
Bir sıra digər şəhərlər, Nikolayev kimi şəhərlər bombalanır, ora da raket zərbələri endirilir. Razılaşmada əldə olunmuşdu ki, Çerniqov şəhərinə də hücumlar səngiyəcək. Hücumların tam dayandırılması olmasa da, əsasən zəiflədiləcək. O istiqamətdə hansısa artırılmış hərbi güclə Ukrayna ordusuna və ya yerli əhaliyə zərbə endirilməyəcək. Amma buna baxmayaraq Çerniqova danışıqlar olan gecədən etibarən Rusiyanın müəyyən hücumları olub.
Bütün bu qarşılıqlı tələblər İstanbul görüşündə əsasən müzakirə olunub. Amma Ukraynaya təhlükəsizlik zəmanəti verilməyib, rus qoşunları Ukraynadan çıxarılmayıb. Dövlətin təhlükəsizliyinə, müstəqilliyinə, əhalinin normal yaşayışının həyata keçirilməsinə böyük zərbə olan bu müharibə faktiki olaraq dayandırılmayıb”.
Ekspertin fikrincə, rus qoşunlarının çıxarılması o anlama gələ bilərdi ki, müharibə dayandırılsın.
“Rusiyanın isə müharibəni dayandırmaq fikri yoxdur. Hansısa istiqamətlərdə hücumlar zəiflədilə bilər, qüvvələr manevr edib başqa ərazilərə, başqa istiqamətlərə keçirilə bilər. Təhlilçilər də, hərbi ekspertlərin rəylərində də qeyd olunur ki, Rusiyanın danışıqlarda elan etdiyi və üzərinə götürdüyü öhdəliklər -Kiyev, Çerniqov istiqamətində hücumların səngidilməsi, bu, əslində taktiki xarakter daşıyır. Oradan qüvvələri müəyyən qədər geriyə çəkir. Rusiya Müdafiə Nazirliyinin elan etdiyi plan da var ki, əsas qüvvələr Donbasda cəmləşdirilsin və Rusiya Donbasda bu məsələlərin həllinə nail olsun. Yəni təkcə Donesk, Luqansk seperatçı rejimlərin, orda qurulmuş qeyri-qanuni respublikaların yox, eyni zamanda digər ərazilərdə ona qatılmaqla bütövlükdə Donbası nəzarətə keçirsinlər. Növbəti danışıqlara qədər hansı proseslər baş verəcək, nələr olacaq, bunu yaşayıb görəcəyik.
Bir məsələni təkzib etmək mümkün deyil ki, Rusiya hələ də müharibəni davam etdirir. Bu müharibənin hansısa mərhələyə qədər özlərinin lazım bildikləri nələrisə əldə etməyi planlaşdırırlar o həddə qədər bu müharibəni davam etdirəcəklər”, - deyə həmsöhbətimiz bildirdi.
Bununla belə, siyasi analitik hesab edir ki, faktiki olaraq danışıqlardan ilkin nəticələr var:
“İndiyə qədərki danışıqlarda humanitar dəhlizlərin verilməsi ilə bağlı razılaşmalar olurdu. Amma sonradan Rusiya tərəfi bundan imtina edirdi. Humanitar dəhlizlərin belə atəşə tutulduğu hallar olurdu. Ancaq bu danışıqlarda irəliyə doğru çox müsbət, mühüm bir addım oldu ki, yəni tərəflər ən azı müharibə davam etsə də, humanitar xarakterli aksiyanın keçirlməsinə razılıq verirlər. Rusiya tərəfi buna razı olur ki, atəşkəs müəyyən müddət səngisin. Bu, atəşkəsin əldə edilməsi deyil. Burada atəşkəsdən söhbət gedə bilməz. Bu atəşkəs olmadığına görə müvəqqəti olaraq hansısa ərazilərdə hücumların bir qədər zəiflədilməsi, səngidilməsindən söhbət gedir. Bəzi məlumatlar da var. Rusiya mənbələri də müəyyən mənada qeyri-rəsmi səsləndirirlər ki, müharibədə 37-ci günə keçmişik, artıq bu müddətdə xeyli canlı qüvvə itirilib. Rəqəmlər müxtəlifdir, 17 min üzərində deyirlər. Ruslar bunu özləri də etiraf edirlər. Ən azı hesab etsək ki, Rusiya tərəfi 17 min itki verib, hələ nə qədər texnika itkiləri olub, nə qədər hərbi təyyarələr, helikopterlər vurulub, tankları, topları sıradan çıxarılıb. Onların bir hissəsi müasir silahlardır. Bu, Rusiyaya böyük bir zərbədir. Bu itkilərin qarşılığında yeni texnikanın alınması, yeni qüvvənin toplanması, bu böyük vəsait tələb edir. Digər tərəfdən, Rusiyaya Qərbin sanksiyaları var. Hər gün də olmasa, hər həftə yeni sanksiyalar elan olunur. Sanksiylara görə Rusiyanın böyük itkiləri var. Digər tərəfdən hərbi itkilər. Bunun qarşısını alması üçün maddi vəsaitlərin çatışmazlığı perspektivdə gözlənilə bilər. Ona görə Rusiya o qoşunları bir qədər geri çəkir. Əgər 17 min öldürülən varsa, deməli 3 dəfə də ondan artıq yaralı var. Bu hardasa 60 min üzərində qüvvə deməkdir. Rusiyanın oradakı ümumi qüvvələrinin sayı da bəzi mənbələrə görə 170, bəzilərinə görə 190 mindir. Hesab edin ki, 190 minin 60 mini itirilirsə, bu böyük itkidir. Ona görə də Rusiya öz manevr imkanlarını artırmaq, yeni hücum planlarını həyata keçirmək üçün müəyyən qədər özünə fasilə verir. Bu da bir taktikadır”.
L.Şüküroğlu hesab edir ki, sanksiyalar məsələsi gündəlikdə qaldıqca, Rusiyanın müharibəni davam etdirmək ehtimalları azalacaq:
“Çünki elə raketlər var ki, onların hər bir mərmisinin qiyməti milyon dollarla ölçülür. 10-12 milyon. Hərbi təyyarələrin qiyməti ondan qat-qat çoxdur. Bu itkilərin qarşılanması üçün Rusiyanın maliyyə imkanlarının tükənməsi riskləri böyükdür”.
Ekspert qeyd etdi ki, Ukrayna tərəfi müharibə nəticəsində, 37 gün ərzində mindən yuxarı mülki əhali itirib.
“Hardasa 1400-1500 mülki şəxslərin öldürüldüyü faktları var. Bunların da 150-ə yaxını uşaqlardır. Çox böyük fəlakətdir, faciədir. 4 milyona yaxın vətəndaşlar məcburi qaydada öz ölkələrini tərk ediblər. Polşa, Rumuniya, Slovakiya, Moldova istiqmətinə çıxanlar olub. Bu, böyük bir humanitar fəlakətdir. Müharibənin dayanmasını hamı istəyir. Amma real vəziyyət belədir ki, hələ müharibənin qurtarmasından danışmaq tezdir. Bəlkə də növbəti danışıqlarda hansısa razılıqlar əldə oluna bilər. Ukrayna tərəfi bunu tam anlayışla qarşılayır. Rusiya tərəfinin də müəyyən planlarının həyata keçirilməsi qarşılığında danışıqlarda hansısa bir müsbət addımlar atılacağına ehtimal var. Amma müharibənin dayanması ehtimalı bu gün real deyil. Müharibə çox təəssüf ki, davam edəcək. Təbii ki, insan itkiləri də olacaq, hər iki tərəfin maddi imkanlarının məhdudlaşması da olacaq, xüsusən də hərbi sahədə. Ukrayna bir neçə tərəfdən itirir. Həm mülki əhalisi həlak olur, həm hərbiçilər. Digər tərəfdən şəhərləri dağılır. Bütün obyektləri - hərbi, mülki obyektlər də vurulur. İnsanlar öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalır. Azərbaycanda bunu daha yaxşı başa düşürük. Ona görə də Ukrayna xalqının tezliklə sülhə nail olmasını, öz ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasına, əvvəlki kimi sülh şəraitində yaşamasını biz də ümid edirik, arzulayırıq. Ancaq real olaraq müharibənin nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Amma qısa müddətdə sülh olmayacaq”, - deyə L.Şüküroğlu bildirdi.
Zərif ÜLVİQIZI












