“Rus xalqının ayağa qalxdığı məqam da gələcək” - Politoloq
Artıq bir aydan çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi dağıntı cəhətdən ən çox Ukraynaya təsir etsə də, Rusiyadan da təsirsiz ötüşmədi. Müharibənin başladığı elə ilk günlərdən həm Rusiyaya sanksiyalar tətbiq edildi, həm də özü müəyyən sanksiyalar, idxal-ixracla bağlı qərarlar verdi. Bütün bunların nəticəsində ölkədə mağazalar boşaldıldı və insanlar qıtlıqdan əziyyət çəkməyə başladı. Bundan əlavə məşhur markaların, sosial şəbəkələrin və digər tanınmış şirkətlərin Rusiyanı boykot etməsi yəqin ki, xalqı da bezdirib.
Maraqlıdır, bəs rus xalqı baş verən bu proseslərə, ölkəsinin Ukraynada apardığı işğalçı müharibəyə niyə öz etirazını bildirmir? Rusiyanın bundan sonra atacağı hansı addım xalqın səbrini daşıra bilər?
Mövzu ilə bağlı Redaktor.az-a danışan poliotoloq Qabil Hüseynlinin sözlərinə görə, proseslər elə göstərir ki, xalqın etirazını bildirəcəyi günlər də gələcək:
“Bəli, belə bir vəziyyətdə rus xalqı etirazını bildirməli, Ukraynada gedən müharibənin dayandırılmasını istəməlidir. Yəqin o gün də baş verəcək, o gün də gələcək. Xalqın ayağa qalxdığı və öz hüquqlarını tələb etdiyi məqam da gələcək. Çünki proselər bir-birinin ardınca sıralanır. Mənim zənnimcə, rus xalqı kifayət qədər inkişaf etmiş xalqdır. Problemləri görür və onların həlli yollarını da bilir. Yəqin ki, o da baş verəcək”.
Hansı addımın rus xalqının səbrini daşıra biləcəyi sualına gəlincə isə Qabil Hüseynli bildirdi ki, vəziyyət gəlib ən pik həddə çatanda xalq müəyyən addımlar atmağa məcbur olacaq:
“Bu iqtisadi çətinliklər gəlib elə bir nöqtəyə dirənir ki, orada insanların maddi rifahı üçün ciddi problemlər yaranır. Maddi rifahı pisləşən, xüsusilə öz uşaqları, övladları üçün lazımi həyat şəraitini təmin edə bilməyən insanlar sözsüz ki, bunu hökumətdən tələb edirlər. Mənim zənnimcə hələ bir az da gözləmək lazım gələcək. Çünki vəziyyət pisləşə-pisləşə gedir. Amma pisləşmənin müəyyən bir həddi, dalğası var. O dalğa gələndə mütləq adamları həyəcanlandıracaq, onları müəyyən hərəkətlərə sövq edəcək”.
Zərif ÜLVİQIZI












