İlham Əliyevlə Paşinyanın görüşündən nə gözlənilir? - Deputat: "Bu mərhələyə qədər müəyyən məsələlər razılaşdırılıb"
Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Brüssel görüşünün gündəliyi hələlik məlum olmasa da, Bakı və İrəvandan sülh sazişinə dair müsbət mesajlar səsləndirilir.
Bu görüşdən nələr gözlənilir? Bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması baş tuta bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Hikmət Məmmədov hesab edir ki, Ermənistan hələ sülhə getməyə hazır deyil:
“Azərbaycan artıq Ermənistan tərəfinə sülh danışıqlarının hansı əsaslarda baş turması ilə bağlı 5 baza prinsipini göndərib. Şübhəsiz ki, Brüsseldə keçiriləcək görüşlərdə Azərbaycanın mövqeyi məhz o 5 əsas prinsip üzərində qurulacaqdır. Çox təəssüf ki, Ermənistan buna hazır deyil. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək və bununla bağlı üzərinə öhdəçilik də götürmək istəmir, Azərbaycanın daxili işlərinə qarışmaq siyasətindən əl çəkmir. Ona görə də sülh danışıqlarının həyata keçirilməsi yubanır”.
Deputat ümid edir ki, görüşün məhz Brüsseldə, Şarl Mişelin rəhbərliyi ilə keçirilməsi faydalı olacaq:
“Brüssel Avropa İttifaqının paytaxtıdır. Mən düşünürəm ki, insan hüquqlarının, beynəlxalq hüququn və dövlətlərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasının hüquqi əsaslarını orada çox gözəl dərk edirlər. Ümid edirəm ki, məhz Avropanın paytaxtında keçiriləcək bu görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin də tələbi məhz beynəlxalq hüququn, BMT nizamnaməsinin, Helsinski yekun aktının tələblərinin Ermənistan tərəfinə qəbul etdirilməsindən ibarət olacaqdır”.

Hikmət Məmmədovun sözlərinə görə, bütün hallarda Azərbaycan heç yana tələsmir:
“Biz ərazi bütövlüyümüzü bərpa etmişik, üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetirməyə hazırıq, kommunikasiyaların açılmasının tərfdarıyıq, sərhədlərin delimitasiya və demarkasiya edilməsinin həyata keçirilməsi üçün hazırıq. Əgər Ermənistan buna hazır olacaqsa, düşünürəm ki, danışıqlarda irəliləyiş əldə etmək mümkündür. Amma hər halda son günlərdə Ermənistan Baş nazirinin, rəsmilərinin ictimai rəyə bir sıra müsbət impulslar ötürməsi, düşünürəm ki, onların mövqeyində də bir konstrultiv yeni reallığın formalaşmasına gətirib çıxara bilər”.
YAP-çı deputat qeyd etdi ki, İlk görüşdə dərhal sülh müqaviləsinin imzalanması üçün əsasların yaranmasını proqnozlaşdırmaq bir qədər çətindir:
“Amma hər halda mən düşünürəm ki, mümkün sülh müqaviləsi üçün atılan əhəmiyyətli addımlardan biridir. Nəzərə almaq lazımdır ki, hər iki ölkənin liderinin görüşü keçirilir və mütləq bu mərhələyə qədər müəyyən məsələlər razılaşdırılıbdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də iştirak edəcək”.
Zərif ÜLVİQIZI












