Ermənistan Qarabağda öz qoşunlarını saxlamaq istəyir - Tofiq Zülfüqarov
Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidentli İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti görüşü keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Brüssel görüşünün gündəliyi hələlik məlum olmasa da, Bakı və İrəvandan sülh sazişinə dair müsbət mesajlar səsləndirilir.
Bu görüşdən nələr gözlənilir? Bundan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması baş tuta bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Brüssel görüşündən gözləntilərinin az olduğunu bildirdi:
"Doğrusu mən çox şey gözləmirəm. Çünki Ermənistanın Baş nazirinin verdiyi bəyanatlar ziddiyyətli xarakter daşıyır. Məncə belə bir fikir yarana bilər ki, onlar Ermənistan olaraq köhnə siyasəti davam etdirmək niyyətindədilər. O cümlədən, bu bölgədə Ermənistanın qoşunlarını saxlamasının tərəfdarıdırlar. Ona görə bu bəyanatlardan sonra hansısa real nəticə gözləmək çətindir. Amma istisna etmirəm ki, Avropa İttifaqı hansısa proqramların icrası barəsində bəyanat verəcək. Yəni baxarıq, görərik”.
Politoloq liderlərin görüşündən sonra iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasının mümkünlüyü barədə sualı da cavablandırdı.
"Yox, sülh müqaviləsi gözlənilmir. Mən buna inanmıram. Çünki hələlik bunun üçün əsasları yoxdur”, - deyə T.Zülfüqarov bildirdi.
Zərif ÜLVİQIZI












