"İmran Xan seçilməzsə, bütün regionda ciddi gərginlik yarana bilər" - Elşad Mirbəşiroğlu
Xəbər verildiyi kimi, Pakistanın Baş naziri İmran Xan vəzifəsindən istefa verib. Həmçinin Prezident Arif Alvi Pakistan parlamentinin buraxılması ilə bağlı qərar imzalayıb. Beləliklə 90 gün ərzində ölkədə yeni parlament seçkiləri keçiriləcək.
Maraqlıdır, İmran Xanın başçılıq etdiyi hökumətin birdən-birə istefaya getməsinə səbəb nədir? Qarşıdakı seçkilərdə İmran Xanın partiyası qalib gəlməzsə, ölkədə nə baş verə bilər?
Mövzu barədə Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu hesab edir ki, İmran Xanın istefasına səbəb son dövrlərdə Pakistanın xarici siyasət müstəvisində sərgilədiyi mövqe ilə bağlıdır:
“Fevral ayının 24-də Pakistanın keçmiş Baş naziri İmran Xan Rusiyaya səfər etdi. Qeyd etmək lazımdır ki, son 10-15 ildə bu səviyyədə Rusiyaya səfər olmamışdı. “Pakistan axını” layihəsinin reallaşdırılması ilə bağlı razılıq da əldə olundu. Bu baxımdan düşünürəm ki, bu, Qərb dairələrini ciddi şəkildə qıcıqlandırdı”.
Politoloqun sözlərinə görə, İmran Xan vətəndaş müharibəsi baş verməsin deyə hakimiyyəti tərk etdi:
“Pakistanda kənar təsir kifayət qədər güclüdür. Ayrıca olaraq da İmran Xanın mənsub olduğu partiya da parlamentdə artıq əvvəlki yerə malik deyildi. Müxalifət də ölkədəki iqtisadi tənəzzülü, geriləməni əsas gətirərək parlamentin İmran Xana etimadsızlıqla məsələsini qaldırdı, səsə qoyulmasını istədi. Lakin parlamentin rəhbərliyi bu məsələnin səsə qoyulmasının Pakistan konstitusiyasına zidd olduğunu bildirdi. Belə olan halda müxalifət təpki göstərdi, parlamenti tərk etməyəcəyini bildirdi. Nəzərə almaq lazımdır ki, Pakistan silahlı qüvvələrində də İmran Xanın mövqeyi çox da güclü deyildi. Bu baxımdan vətəndaş müharibəsinə yol açan hadisələr baş verə bilərdi. Ona görə İmran Xan özü prezidentə müraciət etdi, parlamentin və hökumətin buraxılması təşəbbüsünü irəli sürdü. Həm də məsələnin digər tərəfi var”.
Deputat qeyd etdi ki, yenidən keçiriləcək parlament seçkilərində İmran Xan da iştirak edə bilər.
“O, 2018-ci ildən Baş nazir idi, səlahiyyət müddətinin bitməsinə bir il qalırdı. 90 gün sonra Pakistanda növbəti növbədənkənar seçkilər olacaq. Ola bilsin ki, İmran Xan hakimiyyətə yenidən gəlmək üçün yeni bir nəfəs qazanmış oldu. Yəni ki, 90 gün müddətinə parlament seçkiləri keçirilməlidir. Çox güman ki, İmran Xan da bu parlament seçkilərində iştirak edəcək. Hələlik yeni Baş nazir müəyyənləşənə qədər İmran Xanın özü vəzifəsini icra edəcək. Yəqin ki, Qərb çalışacaq ki, parlament seçkilərində İmran Xanı qərbyönümlü bir insan əvəz etsin, orada qərbyönümlü hökumət formalaşsın. Təbii ki, qərbyönümlü hökumət formalaşacağı təqdirdə bütövlükdə Rusiya ilə uzaqlaşma və bütün regionda ciddi gərginlik yarana bilər”, - deyə Elşad Mirbəşiroğlu bildirdi.
Zərif ÜLVİQIZI












