"Sülh müqaviləsinin imzalanacağına şübhə etmirəm" - Zahid Oruc ABŞ dövlət katibinin zəngindən DANIŞDI

 17:02 06.04.2022     799

Ötən gün ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edərək aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşlə bağlı müzakirələr aparıb.

Bəs, ABŞ dövlət katibinin bu gün Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünə hansı təsirləri ola bilər?

Mövzu barədə Redaktor.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc qeyd etdi ki, bu, Əliyevlə Paşinyanın Brüsseldə ikinci görüşdür:

“Danışıqlar prosesinin müəyyən qədər məkanının dəyişdirilməsi yönündə mühüm bir strategiya həyata keçirilir. İlk dəfədir biz yeni mərhələyə qədəm qoya bilirik ki, müxtəlif paytaxtlarda aparılan danışıqların yekunu olaraq bir sülh müqaviləsi imzalansın. Brüsseldə bu ikinci görüşdür. Ondan öncə də danışıqlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmişdi. Birləşmiş Ştatların mühüm vəzifə daşıyıcısının bu görüşdən öncə liderlərə zəngi prosesə son vermək, onu arzu etdikləri istiqamətdə aparmaq, Rusiya-Ukrayna savaşı fonunda bölgədə İkinci Qarabağ müharibəsindən sonra formalaşmış yeni geopolitik düzəndə Qərbin iştirakının bərqərar etmək naminə bir istəyi orta qoyur”.

Deputatın sözlərinə görə, Qərb açıq şəkildə özünü proseslərdən kənarda saxlamaq istəmir:

“Çalışırlar ki, Ermənistan-Azərbaycan münasibətlərinə bu və ya digər formada təsir göstərsinlər. Əlbəttə, onlar arzulayardılar ki, bunu Minsk qrupu formatında etsinlər. Ancaq bu alınmır. Rəsmi Bakının israrlı mövqeyi var. Biz bəyan edirik ki, Dağlıq Qarabağ münaqişəsi bitib. Ümumi halda bu məsələ üçün yaranmış qurumun da öz varlığını saxlaması heç bir halda yerinə düşmür. Brüssel, Avropa Birliyi çalışacaqlar ki, Moskvanın paralelində bir danışıq, müzakirələr platforması, daimi platforma yaratsınlar. Yəni delimitasiya, demarkasiya proseslərində iştirak etsinlər, hətta müəyyən bir işçi qrup yaradılarsa, Qərbin orada nümayəndələri olsun”.

Deputat ümid edir ki, bu danışıqların nəticəsində sülh müqaviləsi imzalanacaq:

“Ona görə də mən bu danışıqların nəticələrini əlbəttə ki, böyük ümidlə o anlamda yanaşıram ki, yekun etibarilə hansı paytaxtda, hansı ölkələrin məkanında olur-olsun Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi, diplomatik tanıma baş verəcək, kommunikasiyaların açılması reallaşacaqdır. Bu, indiki şəraitdə Qərb tərəfindən sanksiyalara məruz qalan Rusiyanın da maraqlarına cavab verir. Ona görə də bu danışıqların gələcək dövr etibarı ilə Qərbin özünün nümayəndələrinin iştirakı ilə müəyyən bir davamlı prosesin tərkib hissəsi kimi yanaşmaq olar”.

Müsahibimiz qeyd etdi ki, Blinkenin zənginin müxtəlif açıqlamaları ola bilər:

“Blinken danışıqlar öncəsində telefon edirsə, açıq şəkildə bunu belə tərcümə etmək olar ki, dünyaya “proseslər məhz Ağ Evin xüsusi nəzarəti, istəyi altındadır” mesajı verilir. İkincisi, bu təbii ki, Rusiya ilə münasibətlər kontekstində atılan addımlardır. Yəni bunlar göstərmək istəyirlər ki, 10 noyabr və 11 yanvar razılaşmaları gücündə bir başqa sənədi də istəyərdilər ki, Brüsseldə imzalatdırsınlar. Bu, avtomatik o demək olacaqdı ki, bölgə dövlətlərindən fərqli olaraq biz nəinki hər hansı bir sənədə nail oluruq, Amerikanın liderliyi ilə region dövlətlərinə onların üzərində bir təsir, siyasi nüfuz əldə olunub və gələcəkdə Amerikanın bölgədə aktivliyi bərpa olunacağı təqdirdə bu, Ermənistan, Azərbaycan tərəfindən yaxşı qarşılanmayacaqdır. Mən hesab edirəm ki, Blinkenin telefon zəngi o deməkdir ki, Türkiyə də bu barədə məlumatlandırılıb. Blinkenin bu danışıqları aparması fonunda yekunda əldə olunacaq hər hansısa razılaşma, sənədin imzalanması, bəyanatın verilməsindən sonra yəqin ki, Blinkenin rəsmi Ankara ilə də belə bir danışıqları olacaq”.

Zahid Orucun fikrincə, hal-hazırda bölgədə iki dövlətin, xalqın bu razılaşmaya getməsi ilə bağlı sabit bir marağı və istəkləri mövcuddur:

“Bunu açıq demək lazımdır ki, Ermənistan içərisində bəlli qüvvələri çıxmaq şərti ilə yerdə qalanları Paşinyana səs verməklə göstərirlər ki, onlar Azərbaycan ərazisində sülh şəraitində yaşamağın tərəfindədirlər. Sülh müqaviləsi Amerikanın, Qərbin, bölgə dövlətlərinin deyil, ilk növbədə rəsmi İrəvanın və onun xalqının istəyi, Azərbaycanın isə haqlı mövqeyi ilə reallaşacaq. Sülh müqaviləsi mütləq imzalanacaqdır. Buna mənim siyasət adamı olaraq dərin inamım var. Amma bu məhz Qərb paytaxtında, yaxud şərq ölkələrində olacaq, bunu indiki halda söyləmək çox çətindir”.

Komitə sədri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Zəngəzur mahalında imzalanmasını arzuladığını da qeyd etdi.

“Zəngəzur təkcə dəhliz termini olaraq qəbul olunmur. Sülh müqaviləsinin Zəngəzur mahalında imzalanmasının tam əsası var. Bizim üçün fərq etməz o Qərbi və ya Şərqi Zəngəzurda imzalanır. Biz ona tarixən öz məkanımız kimi baxırıq. Amma o iddianı etmirik ki, biz ora tankla, topla qayıdacağıq. İrəvana dönüş dinc vasitələr ilə baş verəcək. Ona görə də sülh müqaviləsinin imzalanacağına şübhə etmirəm. Lakin onun məhz bu gün Brüsseldə baş verəcəyini düşünmək yanlış olar”, - deyə Zahid Oruc bildirdi.

Zərif ÜLVİQIZI

Vumart və Güvən reklamı Vumart Güvən