“Azərbaycandakı soyqırımlara səslərini qaldırsaydılar, bu gün Ukraynada qətliamlar törənməzdi" - Deputat
Rusiya-Ukrayna müharibəsi zamanı rus hərbi qüvvələrinin cinayətlərindən biri də Buçada yaşandı. Bir neçə gün öncə Buça rusiyalı işğalçılardan azad olunduqdan sonra, bütün dünya bu şəhərdəki dəhşətli mənzərənin şahidi oldu. Belə ki, Buça küçələri arxadan əli bağlı, edam olunmuş meyitlərlə dolu idi. Buçada zorakı ölüm əlamətləri olan 280-dən çox mülki vətəndaşın cəsədi olan kütləvi məzarlıq da tapıldı. Rusların hətta azyaşlı qız uşaqlarını zorlayaraq güllələməsi də məlum oldu.
İndi bir çox siyasətçilər Buçadakı hadisənin soyqırım kimi qiymətləndirilməsini tələb edir. Hər yerdə olduğu kimi Ukraynanın bu şəhərindəki insanlığa qarşı cinayət Azərbaycanda da pislənir.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, soyqırım törədənlər cəzalandırılmalıdır:
“Soyqırım cinayətləri məsələsi beynəlxalq hüquqda öz yerini tapır. Bu, uzun illərin məsələləridir. Yəni soyqırım törədənlərə qarşı cəza tədbirləri istər dövlət səviyyəsində, istər soyqırım törədilməsində iştirak edən, rəhbərlik edən şəxslər barəsində çox ciddi tədbirlər görülməli, cəzalandırılmalıdırlar. Söhbət burada ya Rusiyadan, ya kimdənsə getməməlidir. Məsələ belə qoyulmalıdır ki, dinc insanlara, insanlığa qarşı əgər soyqırım cinayəti törədilirsə, onun hansı dövlət və kimlər tərəfindən törədilməsindən asılı olmayaraq, fərq qoyulmadan cəzalandırılmalıdır.”
Deputat qeyd etdi ki, dünyanın Xocalıda və digər faciələrdə susması cinayətkarları daha da ruhlandırır:
“Keçən əsrin sonlarında Azərbaycanda törədilən soyqırımlar zamanı həm Xocalıda, Qaradağlıda, Başlıbeldə, Ağdabanda və başqa yerlərdə törədilən qətliamlar, soyqırımlar, kütləvi qırğınlara həmin beynəlxalq qurumlar, demokratiya, insan hüquqları ilə məşğul olan qurumlar və yaxud dövlətlər səslərini qaldırsaydılar, ədalətli mövqe tutsaydılar, bəlkə də bu gün Ukrayna ərazisində - Buçada və başqa yerlərdə olan hadisələr törənməzdi, olmazdı. Ancaq lal qaldılar, kor oldular, kar odular, dinmədilər. Hətta işğalçını müdafiə etdilər, işğalçıya stimul verdilər. Soyqırım törədilməsinə rəhbərlik edənlərə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı tribuna verdi. Onlar alqışlandı, vəzifələrə getdilər, həvəsləndilər. Bəlkə də bügünkü dinc insanlara qarşı olan o soyqırımları törədənlər elə ondan ruhlanıb, ona ümid ediblər ki, onlar etdilər nə oldu ki, cəzasız qaldılar, biz də etsək bizə nə olacaq? Yəni bu bəşəriyyətə, insanlığa qarşı olan cinayətlərdir. Burada fərq qoyulmamalıdır ki, bu müsəlmandır, xristiandır, hansı ölkədəndir”.
Elman Məmmədov təəssüflə bildirdi ki, dünya ədalətsizliklə idarə olunur.
"Biz Rusiyanı əməllərinə görə əlbəttə pisləyirik, amma kaş dünya bizim faicələri də görməzdən gəlməzdi. Ukraynada baş verən hadisələrlə bağlı bütün dünya səsini qaldırır. Xüsusilə Qərb dünyası Rusiyaya qarşı sanksiyalar, cəza tədbirlərin və s. həyata keçirir. Bəs yaxşı, 90-cı illərin əvvəllərində, 20-ci əsrin sonlarında bizə qarşı soyqırımlar törədiləndə bunlar niyə dinmirdilər, görmürdülər? Haqsızlıq, ədalətsizlik budur. Məntiqlə belə nəticəyə gəlmək olur ki, kimlərisə qırmaq, məhv etmək, soyqırım törətmək olar, onda dinmirlər, müşahidəçi olurlar. Amma kimlərə qarşı isə olanda hamı ayağa qalxır, səsini qaldırır. Ona görə ki, dünya beynəlxalq hüquq, haqq-ədalətlə idarə olunmur. Dünya haqsızlıq, güc, zor, ədalətsizliklə idarə olunur. Bu gün də Ukraynada baş verən hadisələr bunu bir daha təsdiq edir. Təbii ki, biz azərbaycanlı, müsəlman olaraq bu məsələlərin hamısını qınayırıq, pisləyirik. Ancaq biz istəyərdik ki, bizə qarşı olanda da, hamı səsini qaldıraydı, bu cür münasibət bəsləyəydi”, - deyə deputat vurğulayıb.
Zərif ÜLVİQIZI












