“Consonun Kiyevə qəfil səfəri Moskvaya verilmiş bir mesaj idi” - Politoloq

 13:29 11.04.2022     494

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson 9 aprel tarixində gözlənilmədən Kiyevdə səfərdə olub. Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparan Britaniyanın hökumət başçısı Rusiya-Ukrayna müharibəsində bir daha rəsmi Kiyevə dəstəyini bəyan edib. Hər iki ölkənin lideri daha sonra Kiyev küçələrini də gəziblər.

Boris Consonun Ukraynaya səfərinin müharibənin gedişatına hansı təsirləri ola bilər?

Mövzu barədə Redaktor.az-a aşıqlama verən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Böyük Britaniyanın Ukraynaya dəstəyi digər ölkələrdən daha çoxdur:

“Böyük Britaniya Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. Böyük Britaniya Avropa İttifaqından bir müddət öncə ayrılıb. Fərqli xarici və təhlükəsizlik siyasəti yürüdür. Ukraynaya da dəstəyi daha çoxdur. Almaniya və Fransa ilə müqayisədə Böyük Britaniyanın Ukraynaya dəstəyi daha çoxdur”.

Politoloq bildirdi ki, Boris Consonun qəfil səfərinin siyasi və hərbi mənası var:

“Birincisi Boris Conson bununla göstərir ki, Ukraynanın Böyük Britaniya kimi güclü tərəfdaşı var və Böyük Britaniya bundan sonra da Ukraynaya hərbi texnika göndərəcək. Bu barədə razılaşma var. Əgər əvvəllər müdafiə xarakterli silahlar göndərirdisə, indi hücum xarakterli silahlar da göndərəcək.

Boris Consonun Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə birgə yürüşü isə Moskvaya mesaj idi ki, siz Kiyevi işğal edə bilmədiniz. Kiyev müqavimət göstərdi və Kiyevin Böyük Britaniya, London kimi müttəfiqləri var. Əsas mesajlar bundan ibarətdir. Həqiqətən Rusiya Kiyevi işğal edə bilmədi”.

Müsahibimiz bildirdi ki, bu görüşün müharibəyə təsirini görmək üçün digər ölkələr də Ukraynaya dəstək verməlidirlər.

“Boris Consondan əvvəl də, sonra da Kiyevə gələn qonaqların sayı artır. Avropa İttifaqının rəhbərliyi səfər etdi. Dünən Avstriyanın rəhbərliyi Kiyevdə idi. Mənəvi, siyasi, hərbi dəstək Ukraynaya getdikcə artır. Boris Conson özü də xarizmatik bir siyasi fiqurdur. Türkiyə ilə də sıx münasibətləri var. Ona görə Böyük Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra ayrıca bir güc mərkəzinə çevrilib. Bu görüşün proseslərin sonrakı inkişafına təsiri üçün gərək tək Böyük Britaniya deyil, Amerika, Avropa dövlətləri də dəstək versinlər”, - deyə Elxan Şahinoğlu vurğuladı.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən