“Xovayevin işi erməniləri qızışdırıb azərbaycanlıların üzərinə salmaq olacaq" - Politoloq
Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev bundan sonra Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək. Onu bu vəzifəyə Rusiya xarici işlər naziri Sergey Lavrov təyin edib.
Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün xüsusi nümayəndə təyin etməkdə əsas məqsədi nədir? Ümumiyyətlə, Rusiyanın belə bir addım atmağa hüququ varmı?
Mövzu barədə Redaktor.az-a fikirlərini bölüşən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya barmağını bu məsələlərdən çəkmək istəmir:
“Mən özüm də bu işə təəccüblə yanaşıram. Rusiya heç cür barmağını Cənubi Qafqazdan çəkmək istəmir. Xüsusilə Ermənistan-Azərbaycan arasındakı münasibətlərdən çəkmək istəmir. Onsuz da dünyanın heç bir ölkəsi Rusiya ilə bu istiqamətdə əlaqələr saxlamaq istəmir. Rusiya az qala bütün beynəlxalq təşkilatlardan qovulub. İndi ATƏT-in Minsk qrupu yoxdur, fəaliyyət göstərmir. Avropa Şurası da bununla razılaşıb. Ermənistan da demək olar ki, razılaşmış kimidir. Azərbaycan isə bunu çoxdan rədd edir”.
Politoloq qeyd etdi ki, Azərbaycan və Ermənistan onsuz da artıq dil tapıblar.
“ATƏT-in Minsk qrupunun keçmiş üzvünü Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndə təyin edib. Halbuki Azərbaycanla Ermənistan bir qədər dil tapıb, aralarındakı məsələləri həll etmək üçün danışıqlar aparırlar. Artıq işçi qruplar yaradırlar. Bir sıra prinsipial məsələlərdə demək olar ki, uzlaşıblar. Bölgədə də Rusiyanın sülhməramlıları adı altında müəyyən qruplaşmaları var. Bir də Qarabağın dağlıq hissəsindəki seperatçılardı ki, onlar da ruslar tərəfindən qızışdırılır.
Ona görə də bu təyinatın lüzumsuz bir təyinat olduğunu, onun proseslərə hər hansı bir xeyir verəcəyini söyləmək çətindir. Bu nöqteyi nəzərdən də görünür bundan sonra da Xovayevin lazım olub olmadığı məsələsini sübuta yetirmək məcburiyyətində qalacağıq. Amma hər halda Ermənistanla Azərbaycan arasında müəyyən bir əlaqələr qurulub. Bu əlaqələr ən prinsipial məsələ olan Qarabağın dağlıq hissəsindəki ermənilərlə bağlı müəyyən razılaşmalar əldə edilib. Mənim zənnimcə biz sülhə yaxınıq. Amma üçüncü bir dövlət bura barmağını salıb qarışdırmasa, əngəllər yaratmasa yaxşıdır. Hər halda güman edirəm ki, nə Ermənistan, nə də Azərbaycan belə kəmfürsətliyə imkan verməyəcək”.
Qabil Hüseynlinin sözlərinə görə, ruslar nə qədər sülh üçün nümayəndə göndərdiklərini desələr də, məqsədləri başqadır:
“Xovayevin işi barədə deyə bilərlər ki, iki ölkə arasındakı münasibətlərin qaydaya salınması, sülh yaratmaq prosesi və s. uydurma şeylər söyləyə bilərlər. Amma Xovayevin işi erməniləri qızışdırıb azərbaycanlıların üzərinə salmaq, yeri gələn yerdə qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq və Moskvaya da müxtəlif ziddiyyətli məlumatlar ötürüb pis-yaxşı formalaşmış ortamı, mühiti korlamaqdan ibarət olacaq. Başqa nə edə bilər ki”?
Siyasətçinin fikrincə, Azərbaycan və Ermənistan iki müstəqil dövlətdir və onlara üçüncü bir tərəf qarışmamalıdır.
“Rusiyanın ancaq və ancaq məqsədi sülhə mane olmaqdır. Birincisi onun sülh nümayəndəsi təyin etməyə səlahiyyəti yoxdur. Əgər indiyənə qədər yaranan təşkilatlar BMT-nin mandatı ilə yaranırdısa, ATƏT-in nəzdində yaranıbsa, bundan sonra bu dövlətin nəzdində hər hansı bir şəxsi təyin etməyin heç bir əhəmiyyəti yoxdur. Sabah Azərbaycan da götürər Rusiya-Ukrayna məsələləri üzrə hər hansı bir azərbaycanlı şəxsi, diplomatını təyin edə bilər. Yəni necə ki, onlar bunu etməkdə özlərində güc tapırlarsa, biz də eyni şeyi təkrar edə bilərik. Yəni tamamilə absurd və məntiqsiz bir şeydir”, - deyə Qabil Hüseynli bildirdi.
Zərif Ülviqızı












