“Rusiya Cənubi Qafqazın sülh gündəmində rol oynamağa cəhd göstərir” - Hikmət Babaoğlu
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək. Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.
Qeyd edək ki, bundan öncə Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər sülh müqaviləsinin imzalanmasına hazırlıq barədə razılığa gəliblər.
Brüssel razılaşmasından sonra Putinin Ermənistan liderini Moskvaya çağırması bəzi suallar doğurur. Rusiya Ermənistandan nə tələb edə bilər? Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdırmı? Putin-Paşinyan görüşündən nələr gözlənilir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu dedi ki, Rusiya sülhdə rol oynamaq istəyir:
“Hazırki beynəlxalq şərtlər içərisində dövlətlərarası münasibətlər yeni kontekstdə, yeni əhəmiyyət kəsb etməyə başlayıb. Ona görə də Rusiya Federasiyası qonşu ölkələrlə münasibətlərə yeni stimul verməyə cəhd göstərir. Ona görə mən düşünürəm ki, Paşinyanın Rusiyaya səfəri təkcə yaranmış yeni reallıqlarla deyil, həm də Qafqaz kimi geostrateji rayonda yaranmış yeni reallıqlar kontekstində baş verən çağırışlarla əlaqədardır. Hazırda Cənubi Qafqazın bir sülh gündəliyi var. Bu gündəliyi Azərbaycan müəyyən edib. Amma bütövlükdə Avropa İttifaqı və Rusiya Qafqazın sülh gündəmində özünəməxsus rol oynamağa cəhd göstərirlər. Ona görə də Paşinyanın Rusiyaya səfəri həm Rusiya-Ermənistan ikitərəfli münasibətlərin kontekstində, həm də regionun mümkün sülh perspektivləri kontekstində aktualdır”.
Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhdə maraqlı olmamasına gəlincə, deputat bildirdi ki, belə fikirlər məqbul qarşılanacaq fikirlər deyil:
“Bilirik ki, 10 noyabr üçtərəfli razılaşmasında qəbul edilmiş üçtərəfli öhdəçiliklər əslində sülh üçün perspektivlər yaradıb. Ona görə də iddia etmək ki, Rusiya Cənubi Qafqazda sülh istəmir, bu, doğru olmazdı. Amma bu sülh prosesində iştirakçılıq məsələsi əlbəttə Rusiya üçün, eyni zamanda Avropa İttifaqı üçün əhəmiyyətlidir. Çünki yeni şərtlər Cənubi Qafqazda uzunmüddətli yeni reallıqlar formalaşdıracaq. Burada hər iki tərəfin, yəni Avropa İttifaqının və Rusiyanın iştirakçılıq səviyyəsində maraqları var. Ona görə də bu sülh istəməmək deyil, mümkün iştirakçılıq səviyyəsini daha da artırmaq, Rusiya Federasiyasının daha çox rol oynamaqla öz maraqlarını da burada görmək niyyəti də ola bilər”.
Hikmət Babaoğlu hesab edir ki, Putin-Paşinyan görüşündən sonra elə də ciddi dəyişiklik baş verməyəcək:
“Ona görə ki, əslində bütün razılaşmalarda mətn və mövzu təklifləri eynidir. Yəni 10 noyabr üçtərəfli razılaşmasında da, ondan sonrakı keçirilən xüsusi görüşlərdə də, 2021-ci il yanvar ayının 11-də keçirilən Moskva görüşündə də, Brüsseldə keçirilən görüşdə də Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında mümkün sülh proseslərinə başlamaq ehtimalı var. Paşinyan da bunu qəbul etdiyini bəyan edib. Həm daxili aiditoriyada - Ermənistan parlamentindəki çıxışında, həm də keçirilən görüşlərdə, Brüssel görüşündə də bunu qəbul etdiyini bəyan etmişdi. Beləliklə şübhəsiz ki, bütün bunlar yaxşı perspektivlər yaradır. Ona görə də mən düşünürəm ki, önümüzdəki mərhələ artıq sülhlə bağlı konkret addımların atılması mərhələsi ola bilər”.
Zərif Ülviqızı












