“Rusiya ilk dəfə idi ki, Azərbaycanın maraqlarına uyğun çıxış etdi” - Politoloq
Xəbər verildiyi kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Liderlər iki Transqafqaz dövləti arasında münasibətləri normallaşdırmaq üçün Moskva, İrəvan və Bakı ilə üçtərəfli əməkdaşlığı aktivləşdirməyə razılaşıblar. Tərəflər həmçinin 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli sazişlərə uyğun olaraq, Rusiya Federasiyasının məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədi zonasında delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Putin-Paşinyan görüşünün nəticələrini Redaktor.az-a şərh edən politoloq Cümşüd Nuriyev hesab edir ki, bu görüş Rusiyanın maraqlarına uyğun keçdi:
“Rusiyanın indiki vaxtında, şəraitində Paşinyanın ora səfəri Rusiya üçün hava, su kimi lazım idi. Çünki Rusiya kifayət qədər blokadadır. Amma bunu çox da böyütməyə ehtiyac yoxdur. Çünki Ermənistan elə bir dövlətdir ki, onun hansısa bir dəsti-xətti olsun. Mən görüşə diqqətlə baxdım, sonra da onların verdiyi bəyanatlara da qulaq asdım. Əvvəla görüş Rusiyanın maraqlarını tam qane edən şəkildə keçdi. Çünki Putinin çıxışında bir neçə məsələ çox önəmli idi. Birincisi, Azərbaycanla sülh danışıqlarına getməsi, yəni Rusiya bunda maraqlıdır. İkincisi, infrastrukturla bağlı üçtərəfli bəyanatda nəzərdə tutlmuş Zəngəzur dəhlizinin açılmasını, dəmir yolunun çəkilməsi məsələsini bu və ya digər formada Paşinyanın nəzərinə çatdırdı. Eyni zamanda da bildirdi ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması ilə bağlı danışıqları davam etdirməlidir. Bir növ Rusiyanın patronajlığı altında Putin bunu istəyir”.
Politoloqun sözlərinə görə, Rusiya ilk dəfə Azərbaycanın maraqlarına uyğun çıxış etdi:
“Başqa bir məsələ Azərbaycanla sülh müqaviləsinə hazırlaşmaq, sərhədlərin delimitasiyası məsələsi idi. Putin ən azı imzaladığı üçtərəfli bəyanatı təqdir edərək, həmin məsələlər barədə ümumi diplomatiik yolla cavab verdi. Yəni Rusiya dünyaya bir mesaj verdi ki, Qafqazdakı təhlükəsizliyin qarantı Rusiyadır və bu işlər də Rusiyanın əli ilə həyata keçməlidir. Yəni bir növ Amerikanı özünə alternativ görmədi. Rusiya burada hakimi-mütləq statusunda çıxış etdi. Amma ilk dəfə idi ki, Rusiya Azərbaycanın maraqlarına uyğun, hələlik bizi qane edən bir çıxış etdi. Həm sülh müqaviləsi, həm Zəngəzur dəhlizinin açılması, infrastrukturla bağlı idi”.

Cümşüd Nuriyev qeyd etdi ki, Putinlə Paşinyanın görüşündə bölgədə sülhün təmin olunması məsələsi gündəmə gətirildi:
“10 noyabr 2020-ci il üçtərəfli bəyannamənin dördüncü bəndinin icrası gündəmə gəldi. Çünki Paşinyan orada olanda rus sülhməramlıları ilk dəfə bəyan etdilər ki, Xocavənd ərazisində 122 millimetrlik iki topla ermənilərin postunu dağıdıblar, ləğv ediblər. Əgər rus sülhməramlıları tədricən Qarabağda ermənilərin silahlı qüvvələrinin çıxarılmasını gündəmə gətirəcəksə, deməli bu tapşırıq alıb. Amma bütün hallarda Paşinyan təcili hərəkət etməlidir. Rusiyanı narahat edən odur. Çünki Amerika artıq birmənalı şəkildə Ermənistanda situasiyaya nəzarət etmək istəyir. Paşinyanı da hakimiyyətə Soros gətirib. Ona görə Paşinyan Ermənistan dövlətinin qalması, bir dövlət kimi mövcud olması üçün bu addımları atmalıdır. Hələ ki, ayın 13-dən üzü bəri son bir həftədir Paşinyan bir ciddi siyasi səhv buraxmayıb. Deməli Moskvaya hazırlıqda da, görüşdə də Azərbaycanla sülh məsələsinin həll olunması gündəmdə olub. Daha gizli nələr danışıb deyə bilmərəm, amma görünən odur ki, Azərbaycan dövlətinin tutduğu mövqe, prezidentimizin iradəsi, Rusiya ilə olan ikitərəfli normal münasibətlər öz bəhrəsini vermək üzrədir”.
Bununla belə, politoloq hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalanmayacaq:
“Çünki Ermənistan hələ buna hazır deyil. Amma sülh müqaviləsi üçün Şarl Mişellə də görüşdə nəzərdə tutulmuşdu ki, aprel ayının axırına qədər komissiya yaradılsın. Artıq bir növ Rusiya situasiyaya nəzarət etmək, həm də Avropanı küsdürməmək üçün bəlkə də Paşinyana tapşırıq verib ki, təcili belə bir komissiya yaradılsın. Azərbaycan Prezidenti də elan etdi ki, beynəlxalq hüquqa uyğun olaraq, BMT nizamnaməsindən irəli gələn şərtlərdən ibarət 5 şərt irləi sürülüb. BMT nizamnaməsinin əsas 10 prinsipindən 5-ni Azərbaycan irəli sürüb ki, Ermənistan buna əməl etməlidir”.
Cümşüd Nuriyev qeyd etdi ki, Ermənistan həmişə qul olub deyə, məğlubiyyəti qəbul edə bilmir:
“Amma Ermənistanın bir psixoloji problemi var. Onlar həmişə indiyə qədər onun-bunun əlinin altında olub, onlara xidmət edib. Məğlubiyyət nə olduğunu bilmir. Ermənilərin mövcud olduğu şəraitdə özlərinə nə qədər uzun tarix versələr də, ən azı rus imperiyasının asıllığında olduğu 193 il müddətində ermənilər ilk dəfə məğlubiyyətin nə olduğunu başa düşdü, dərk etdi. Bunu qəbul edə bilmirlər. Çünki həmişə qul olublar. Qulun da məğlub olması iki qat problem yaradıb”.
Yaxın bir ay ərzində sülh müqaviləsini bağlamaq üçün komissiyanın yaradılması məsələsinin gündəmə gələcəyini düşünən politoloq düşünür ki, sərhəd məsələsi sülh müqaviləsi imzalanmadan da həll oluna bilər.
“Azərbaycan Prezidenti dünən Avropan İttifaqının nümayəndəsi ilə görüşəndə bu məsələni qoydu ki, ermənilər bizə koordinat verməlidir. Azərbaycan dəmiryolu və avtomobil yolunu hər iki tərəfdən Ermənistan sərhəddinə çatdırmalıdır. Həm Naxçıvandan, həm Zəngilandan. O koordinatlar verilməlidir ki, Azərbaycan ona uyğun dəmir yolunun istiqamətini götürsün və onlara uyğun etsin. Ola bilər ki, Moskva görüşündən sonra o həllini tapa bilər. Ona inanıram”, - deyə Cümşüd Nuriyev bildirdi.
Zərif Ülviqızı












