“O tankların üzərində hansı bayraq olursa-olsun, SSRİ bərpa oluna bilməz”

 15:06 21.04.2022     1103

Rusiya Federasiyasının Kommunist Partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib. Bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə edilən izahatda qeyd edilib ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək.

Qeyd edək ki, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi barədə zaman-zaman müzakirələr aparılır. Hətta bəzi Qərb liderləri də Vladimir Putinin Sovet İttifaqını bərpa etmək niyyətində olduğunu bildiriblər. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində bəzi rus tanklarının üzərində keçmiş SSRİ bayrağının görünməsi də şübhələrə yol açır. Son olaraq kommunistlərin hazırkı Rusiya bayrağının SSRİ bayrağı ilə əvəzləmək təklifi də yeni müzakirələrə səbəb olub.

Mövzu barədə Redaktor.az-a danışan politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bu, Rusiyanın SSRİ atributları ilə bağlı atdığı ilk addım deyil:

“Kommunistlər öz keçmişlərindən qopub ayrıla bilmirlər. Son dövrlərdə bütövlükdə Rusiyada baş verən proseslər SSRİ nostaljisi adı altında neoimperialist iddiaların həyata keçirilməsi istiqamətində müvafiq addımların atıldığını göstərir. Bu iddialar əslində Rusiya cəmiyyətində çoxdan var. Sovet İttifaqının atributlarının bərpa edilməsi istiqamətində atılan bu ilk addım deyil. Rusiya Federasiyasının dövlət himni də illər öncə dəyişdirilərək SSRİ-nin himni ilə əvəz olunub. Bundan başqa Rusiya Federasiyasının gerbi də dəyişdirilərək Çar Rusiyasının gerbi ilə əvəz olunub. Bu iki amil onu sübuta yetirir ki, Rusiya özünün nə Çar dövründəki iddialarından, nə də ki, daha sonrakı sovet dövründəki iddialarından əl çəkməyib. Amma bu xəyaldan başqa bir şey deyil”.

Politoloq bildirdi ki, müasir Rusiya ilə SSRİ arasında fərqlər çoxdur:

“Kommunistlər özləri belə dünyanın keçmişidir. Təkcə postsovet məkanında mövcud olan müstəqil dövlətlərin və onların xalqlarının deyil, bütövlükdə bəşəriyyətin keçmişidir. Kommunist ideyası da kommunistlərlə birlikdə ölüb və bu gün onun yenidən xortladılması istiqamətində atılan addımların effektli bir nəticəsi yoxdur. SSRİ ideoloji bir dövlət idi. Qan üzərində formalaşdı və eyni zamanda imperiyanın qorunub saxlanmasına xidmət etsə də, yenə də sosialist ideyaları üzərində qurulan, geosiyasi maraqları deyil, ideyanı əsas götürən bir dövlət idi. Amma müasir Rusiya ilə SSRİ arasında fərqlər yerlə göy qədərdir. Rusiya oliqarxiya dövlətidir. Azad bazar münasibətlərinin belə sonuna qədər formalaşmadığı bir təsisatdır. Bu aspektdən də orada nəyin bayrağını qəbul edirsən et, hər hansı bir dəyişiklik baş verməyəcək. Qırmızı əski parçasından başqa bir şeyi simvolizə etməyəcək”.

Elçin Mirzəbəyli qeyd etdi ki, Rusiyanın faşizmə qarşı mübarizə apardığı ilə bağlı iddialar da absurddur:

“Rusiya Ukrayna ərazisində həyata keçirdiyi hərbi əməliyyatların həm də faşizmə qarşı olduğunu iddia edir. Təbii ki, bütün bunlar absurd iddialardır. Bu aspektdən də SSRİ-nin vaxtilə İkinci Dünya müharibəsində faşizmə qarşı apardığı mübarizəni simvolizə etmək, eyni zamanda sovet cəmiyyəti, SSRİ haqqında müəyyən bir nostalji hisslər yaratmaq üçün məhz bu bayraqlardan istifadə edirdilər. Bu, xalqların müstəqillik arzusunun ideoloji aspektlər tərəfindən boğulmasına cəhddən başqa bir şey deyil. Əgər tanklar heç bir səbəb olmadan, əsas gətirilmədən başqa dövlətin ərazisinə daxil olursa, bu, işğalçılıqdır. Onun üzərində hansı bayraq olursa-olsun, reallığı dəyişmir”.

Həmsöhbətimiz hesab edir ki, SSRİ bərpa oluna bilməz.

“SSRİ dünyanın, bəşəriyyətin keçmişidir. Bu kabusun yenidən geri qaytarılmasına heç kim imkan verməyəcək. Eyni zamanda, Rusiya tərəfinin özü də bəyan edib ki, SSRİ-nin bərpa olunmasını düşünmək belə ağılsızlıqdır. İndi kimsə özlərinin ifadə etdiyi kimi ağılsızlıqları təkrar etmək niyyətinə düşübsə, bu artıq bizim problemimiz deyil. SSRİ bərpa oluna bilməz. Həmin o səhvlər, reallıqlar, həm də bəşəriyyət həmin bəşəriyyət, insanlıq həmin insanlıq deyil. Müasir texnologiya, informasiya və kommunikasiya texnologiyalarının inkişafı tamamilə başqa bir mühit formalaşdırıb. O baxımdan da, SSRİ-ni diriltmək mümkün deyil. Düşünürəm ki, SSRİ ilə bağlı atılan addımlar müəyyən qədər də olsa həmin dövrün nostaljisini yaşayan insanları sadəcə Rusiyanın bugünkü yürütdüyü siyasətin dəstəkçisinə çevirməyə yönəlib. Burada başqa bir faktor yoxdur. O baxımdan da, SSRİ haqqında olan söhbətləri imperialist iddialara ideoloji don geyindirməkdən başqa bir şey kimi dəyərləndirmək mümkün deyil”, - deyə Elçin Mirzəbəyli bildirdi.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən