“Paşinyanın bu addımı bölgədə yeni müharibəyə gətirib çıxara bilər” - Qabil Hüseynli

 14:14 23.04.2022     659

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentdə çıxışı zamanı tanınmamış "Dağlıq Qarabağ Respublikası" ilə ictimai müzakirələr aparılmadan Azərbaycanla hər hansı sənəd imzalanacağını istisna edib. Paşinyan deyib ki, geniş ictimai müzakirə olmadan, o cümlədən Artsax cəmiyyətinin bütün sektorları da daxil olmaqla müzakirə aparmadan, hansısa sənədin imzalanmayacaq.

Qeyd edək ki, Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə sülh müqaviləsinin hazırlanması ilə bağlı razılıq vermişdi və həmin danışıqların yekununda verilən bəyanatda Dağlıq Qarabağla bağlı hansısa msələ yox idi. Lakin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən qayıtdıqdan sonra "Dağlıq Qarabağsız" hansısa sənədin imzalanmasını istisna edir. 

Paşinyanın son açıqlamasını Redaktor.az-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistanın baş nazirinə kənardan təsirlər olunur, göstərişlər verilir:

“Bu, erməni xislətinə məxsus olan bir keyfiyyətdir. Üstəlik də ona kənardan, qıraqdan hansısa göstərişlər verilirsə, o da bunu həyata keçirməyə çalışır. Rusiyaya səfərindən əvvələ qədər Paşinyanın mövqeyi sabit görünürdü. Amma Moskvada müxtəlif yalançı müqavilələr imzalandı. Ermənistanla Rusiya arasında strateji müttəfiqliyin ən yüksək səviyyəyə qaldırılması haqqında başqa bir müqavilə imzalandı. Üstəlik də Qarabağ ərazisi ilə bağlı müxtəlif provokativ fikirlər səsləndirildi. Bütün bunlar həm seperatçı qüvvələrə, həm də Paşinyanın özünə qol-qanad verdi”.

Politoloqun fikrincə, Paşinyanın bu fikirləri yenidən müharibə şəraitinə səbəb ola bilər:

“Burada söhbət ondan gedir ki, Brüsseldə nəzərdə tutulmuş və Cənubi Qafqazda sülh prosesini nizama salmaq üçün əldə edilmiş razılaşmaların demək olar ki, böyük hissəsini Rusiya pozdu. Ermənilərə müəyyən təlqinlər etməklə ermənilərin mövqelərində dəyişikliyə gətirib çıxardı. Bu isə bölgədə müharibə şəraitinin yenidən yaranmasına gətirib çıxara bilər”.

Qabil Hüseynlinin sözlərinə görə, Prezident İlham Əliyev ermənilərə əvvəldən sözünü demişdi:

“Azərbaycan bu vəziyyətə dözə bilməz. Dözməyəcək də. Qabaqcadan da Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi.

Bu məsələlərdə, Paşinyanın bu fikirlərində Putinin əli var. Aranı qarışdırmaq istəyir. Cənubi Qafqazı özünün təsir dairəsində saxlamaq istəyir. Ola bilsin ki, daha artığını da istəyə bilər. Moskvada müəyyən dairələr "Dağlıq Qarabağ Rusiyadır" kimi səfeh şüarlar irəli sürürlər”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən