"Putin dayısı Moskvada buna nə tapşırıqlar verdisə, gələndən sonra aləmi qatdı bir-birinə" - Deputat

 12:31 26.04.2022     3056

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən cümə günü Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı tanınmamış "Dağlıq Qarabağ Respublikası" ilə ictimai müzakirələr aparılmadan Azərbaycanla hər hansı sənəd imzalanacağını istisna edib. Paşinyan deyib ki, geniş ictimai müzakirə olmadan, o cümlədən Artsax cəmiyyətinin bütün sektorları da daxil olmaqla müzakirə aparmadan, hansısa sənədin imzalanmayacaq.

Paşinyanın sülh müqaviləsinə “Dağlıq Qarabağsız” razı olmaması, məsələni uzatması, digər tərəfdən isə bu ölkənin XİN rəhbərinin azərbaycanlı həmkarı ilə razılığa gəlməsi müəyyən sualar doğurur. Ermənistan əslində nə istəyir? Sülhə gələcək, yoxsa xaricdən verilən tapşırıqları icra edəcək?

Mövzu barədə Redaktor.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistan eyni zamanda həm Qərbin, həm də Şimalın tapşırıqlarını yerinə yetirir:

“Ümumiyyətlə, Ermənistan bir dövlət kimi müstəqil deyil. Müstəqil siyasətə malik deyil. Ona görə də müstəqil qərar qəbul etmək iqtidarında, səlahiyyətində deyil. O, oyuncaq bir qurumdur. Onun bir qulağı Şimalın - Rusiyanın, bir qulağı da Qərbin əlindədir. Biri bir dəfə qulağını çəkib nə isə tapşırır, gəlir o cür danışır. Digəri o biri qulağını çəkir, başqa şey deyir, başqa cür danışır”.

Deputat qeyd etdi ki, Paşinyanın Brüssel görüşündən sonra qərarı müsbətə doğru idi:

“Brüsseldə bu dövlətin baş naziri olan bambılı Paşinyan söz verdi, hər şeylə razılaşdı. Bundan da Avropa İttifaqı Şurasının prezidenti ürəkləndi. Çox ürəklə bəyanat verdi ki, biz çox ciddi irəliləyişə nail olmuşuq və hər şey qaydasındadır, hər şey də həll olacaq. Paşinyan o səfərdən gələndən sonra öz ölkəsində də müxtəlif səviyyələrdə - parlament və digər səviyyələrdə mesajlar, məlumatlar verdi ki, biz Azərbaycanla sülh sazişi imzalamağı tezləşdirməliyik, bu işlər hamısı görülməlidir və s.

Dalınca bunu Putin dayısı çağırıb apardı Moskvaya və buna nə tapşırıqlar verdisə, bu gələndən sonra aləmi qatdı-qarışdırdı bir-birinə. Brüsseldə dediyi sözlər qaldı bir tərəfdə, tamam başqa sərsəm bəyanatlar verməyə başladı. O cümlədən, Ermənistan siyasi arenasında olanlar da ondan götürdülər, onlar da başladılar danışmağa və Azərbaycana qarşı təxribatlar, Azərbaycan və Türkiyə bayraqlarının yandırılması və s. Yəni bunlar müstəqil siyasət aparan, müstəqil qərar qəbul edən dövlət deyil.

Bizi maraqlandıran odur ki, Ermənistan hansı tərəfin sözünə əməl edəcək. Bunlar bütün cəhətlərdən həm iqtisadi, həm siyasi, həm başqa istiqamətlərdə asılı bir vəziyyətdədirlər. Xarici dövlətlərdən, qüvvələrdən asılıdırlar. Onlar nə tapşırıq versə, bunlar da onu icra edir. Yəni kim kimlə telefonla danışdı, kim-kimlə görüşdü, bu, o qədər də əhəmiyyət kəsb etmir. Əsas əhəmiyyət kəsb edən odur ki, bunlar Rusiyanın verdiyi tapşırıqları icra edəcəklər, yoxsa Qərbin? Məsələ burasındadır”.

Elman Məmmədovun sözlərinə görə, Rusiya öz maraqları çərçivəsində, Qərb isə öz maraqları çərçivəsində Ermənistana tapşırıqlar verir:

“Qərb çalışır ki, Cənubi Qafqazdan Rusiyanın təsirini zəiflətmək üçün Rusiyanı bu meydandan sıxışdırıb çıxarsın. Rusiya isə əksinə çalışır ki, Cənubi Qafqazda Qərbin təsirlərini zəiflətsin. Onlar istəyir ki, Qərb Azərbaycan-Ermənistan arasında olan münaqişə meydanından çıxsın, məsələni Rusiya həll etsin. Biz də qalmışıq bunların ikisinin arasında”.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfi normal vəziyyətdə sülh müqaviləsi imzalamayacaq:

“Ona görə də biz yenə də “dəmir yumruğu” işə salmalıyıq. “Dəmir yumruq” hər dəfə bunların təpəsinə daha bərk dəyməlidir ki, onların ağlı başına gəlsin. Yəni bunlar normal şəraitdə, insan kimi, normal dövlət kimi heç bir şey etməyəcəklər. Bunlar necə ki, 30 il ərzində danışıqlar, sülh deyə-deyə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bizim başımızın altına birlikdə yastıq qoydular, torpaqlarımızı işğal altında saxladılar, indi də həmin variantlardan istifadə etməyə başlayıblar. Ancaq bu onlara çox baha başa gələcək”.

Elman Məmmədovun fikrincə, Ermənistan tərəfi düşünüb sonra qərar verməlidir:

“Cənab prezidentimizin dünya azərbaycanlılarının beşinci qurultayında Şuşada verdiyi mesajlardan bunlar düzgün nəticələr çıxartmalıdırlar. Fikirləşməlidirlər ki, Laçın dəhlizi - onların nəfəs borusu tamamilə bağlana bilər. Fikirləşməlidirlər ki, onlar o ərazi iddialarından əl çəkmirlərsə və sülh sazişi bağlamaq istəmirlərsə, bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, biz də tarixi torpaqlarımıza qanuni sənədlərlə iddialarımızı qaldıracağıq. Zəngəzurda da, Dərələyəzdə də və başqa ərazilərimizdə də. Bunlar bunun hamısını fikirləşməlidir, götür-qoy etməlidir, ağıllı düşüncə ilə nəticə çıxarmalıdırlar ki, bunların başqa çıxış yolu yoxdur. Azərbaycanla və Türkiyə ilə bu əbədi düşmənçilik bunlara xeyir verməyəcək. Bunlara zərər verəcək və sonda bu Ermənistan adlanan dövlətin mövcudluğu sual altında qalacaq”.

Deputat qeyd etdi ki, Azərbaycan öz mövqeyini qələbə ilə başa vurduğumuz Vətən müharibəmizdən sonra bəyan edib:

“Bu gün də bizim o mövqeyimiz dəyişməzdir. Biz bölgədə sülh, barış istəyirik. Ümumiyyətlə, biz dünyada sülh, barış tərəfdarıyıq. Bu Azərbaycanın mövqeyidir. Azərbaycan bəyan edib ki, artıq müharibə qurtarıb. Bu vərəq qatlanıb. İndi biz əməkdaşlıqdan, qonşuluqdan, sülhdən, bir-birimizin ərazi bütövlüyünü tanımaqdan danışmalıyıq”.

Elman Məmmədov onu da vurğuladı ki, Ermənistana məxsus hərbi birləşmələrin ölkəmizdə qalması ərazi bütövlüyünün pozulması deməkdir:

“Ancaq bu gün Ermənilərin qeyri-konstruktiv mövqeyi nəticəsində Azərbaycan ərazisində hələ də 30 ildən çoxdur fəaliyyət göstərən seperatçı “Artsax” adlandırdıqları cinayətkar qurum qalmaqda davam edir. Bu gün Azərbaycan ərazisində hələ də Ermənistan dövlətinə məxsus olan silahlı birləşmələrin tör-töküntüləri qalmaqda davam edir. Təbii ki, Azərbaycan buna dözməyəcək. Bunun  sonu, həddi olmalıdır və bu uzun çəkməməlidir. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Bunlar ya razılığa gəlməlidir, o cinayətkarlar Azərbaycan ərazisindən təmizlənməlidir, ya da Azərbaycan özü təmizləməlidir”.

Millət vəkili Rusiya hərbi kontingentinin ərazi bütövlüyümüzün pozulmasında rol oynadığını da qeyd etdi.

“Burada da təbii ki, Rusiya faktoru ortaya gəlir. Bunları silahlandıran da, qidalandıran da, müdafiə edən də, o cinayətkarlar, seperatçılar, terrorçularla əməkdaşlıq edən bu gün ərazimizdə mövcud olan Rusiya hərbi kontingentidir. Onlar ora sülhməramlı kimi yox, işğalçı kimi gəlib oturublar və bizim ərazi bütövlüyümüzün pozulmasında da çox mühüm rol oynayırlar.

Azərbaycan bunun heç birini qəbul etməyəcək ərazilərimizin düşməndən təmizlənməsi üçün təbii ki, tədbir görməlidir. Biz əvvəllər olduğu kimi yenə də sülhə çağırış edirik, yenə də istəyirik ki, 10 noyabr 2020-ci il, 2021-ci ildə olan razılaşmalar, Brüsseldə, Moskva imzalanmış sənədlərdə də öz əksini tapmış tələblər, öhdəliklər yerinə yetirilsin. Bu məsələlərin üstündən az qalıb iki il keçə, ancaq bunların heç birisi yerinə yetirilmir. Burada kimlər günahkardır, məlumdur. Belə olan təqdirdə Azərbaycan məcbur olacaq ki, özünün hərbi gücündən istifadə etsin, öz ərazisini seperatçılardan, terrorçulardan, cinayətkarlardan, düşmənlərdən təmizləsin”.

Zərif Ülviqızı