Ermənistan nəhayət, sülhün nə qədər vacib olduğunu anladı - İlham Əliyev

"Biz həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edirik".
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
“Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkə başçısı deyib ki, İkinci Qarabağ müharibəsindən sonra ötən bu müddət ərzində Ermənistan nəhayət, sülhün nə qədər vacib olduğunu anladı. Əgər sülh müqaviləsi imzalanarsa, məlum beş prinsip tətbiq edilərsə, Qafqazda uzunmüddətli və davamlı sülh olacaq.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın aydın şəkildə nümayiş etdirdiyi iradə Qafqazda sülhə töhfəmizin bəyan olunmasıdır.
“Biz Qafqazda quruculuq işləri görürük, resurslarımızı iqtisadiyyatımızı gücəndirmək üçün səfərbər edirik, çünki bunlar olmadan kifayət qədər vəsait ayırmaq mümkün olmayacaq. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təbliğ edirik”, –deyə Azərbaycan Prezidenti bildirib.