Sumqayıtdakı yanğın təxribat idi? - Zahid Orucdan AÇIQLAMA

28 aprel tarixində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı“ kompleksində baş verən böyük yanğın hadisəsi ciddi müzakirə mövzusuna çevrilib. Hadisə ilə bağlı həm sosial şəbəkələrdə, həm mətbuatda müxtəlif mülahizələr yürüdülür.
Bir çoxları qeyd edir ki, məlum yanğın hadisəsinin Sumqayıt şəhərindən Ukraynaya humanitar yardım göndərdikdən bir gün sonra baş verməsi şübhələr doğurur. Yəni Azərbaycanın böyük bir qida şirkətindəki yanğın təxribat nəticəsində baş verə bilər.
Bəs qeyd etdiyimiz hadisədə xarici ölkənin təxribatı mümkündürmü?
Mövzu barədə Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc dedi ki, müharibə regionlarının hamısında baş verən hadisələri onun dəsti-xətti, tərkibi, ssenarisi kimi saymaq meyli yalnız bizdə deyil:
“Yaxud bu, hər hansı bir mətbuat orqanının məsələyə özəl baxışı sayılmamalıdır. Avropa ölkələrinin özündə də uzun illərdir ki, həssas dönəmlərdə baş verən hansısa bir səs küylü qətllər, başqa xarakterli dramatik olaylar avtomatik olaraq qeyd etdiyiniz mənanı alır və o cür dəyərləndirmələrə səbəb olur”.
Deputat bildirdi ki, real sübutları dəyərləndirib sonra fikir yürütmək lazımdır:
“Bizim ağrı və narahatlıqla izlədiyimiz həm ölkənin iqtisadi, sosial, o cümlədən mənəvi siyasi mühiti üçün bu cür qayğılar, həyəcanlar, narahatlıqlar doğuran bir hadisənin o istiqamətdə dəyərləndirmələrə, qiymətləndirmələrə səbəb olacağını gözləmək olardı. Lakin hesab edirəm ki, biz burada müxtəlif xəyal məhsullarını müzakirə etməkdənsə, ilk növbədə hadisənin real səbəblərini, ona yol açan gerçək faktları, sübutları dəyərləndirməliyik. Bizim peşəkar hüquq-mühafizə orqanlarımız var”.
Zahid Orucun sözlərinə görə, Azərbaycanda belə hadisələr ilk dəfə deyil ki, baş verir:
“Azərbaycan uzun illərdir bu cür sabit bir məkan kimi tanınır. Biz çox yaxşı xatırlayırıq ki, Xəzərin Azərbaycan sektorunda baş verən fırtına, ondan sonra 2015-ci ildə Bakı Avropa Oyunları öncəsi Binəqədidə binadakı yanğın, o cümlədən Narkoloji Dispanserdə 30-a yaxın şəxsin yanğında həyatdan köçməsinə səbəb olan bütün hadisələri vahid bir tabloda götürdüyümüzdə, qeyd etdiyiniz sanki məntiqli mülahizələr meydana gəlir. Ancaq bu özü-özlüyündə daha başqa bir səhvin və yaxud da hansısa problemin vəsiləsi, onun əsası kimi çıxış edə bilər. Əgər belə məsələlərdə təxribat izləri axtarırsınızsa, müxtəlif qüvvələrin qarşı duran tərəflərə savaş mövqeləri istəyənlər o cür dövrlərdə belə hadisələrin iştirakçısına və ya sifarişçisinə çevrilirlər ki, Azərbaycan bu halda qeyd etdiyiniz kimi region dövlətlərilə, qonşu dairələrlə hansısa qüvvələrlə toqquşmaya gedəcək”.
Deputat bildirdi ki, bu işlərlə məşğul olan qurumların işini əvəzləməyə ehtiyac yoxdur:
“Bizim üçün ən önəmlisi odur ki, ölkənin iqtisadi həyatında iştirak edən bir qurumun bir regional subyektində baş vermiş hadisənin dərhal açılması, vurulan ziyanların aradan qaldırılması üçün addımlar və bir daha belə hadisələrin təkrarlanmaması yönündə addımlar atmalıyıq”.
Zərif Ülviqızı