“Rusiya-NATO birbaşa toqquşması ehtimalı getdikcə artır" - AÇIQLAMA

 16:38 05.05.2022     923

Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Ukraynanı silahla təchiz edən ABŞ və onun NATO müttəfiqlərini hədələyib.

O bildirib ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi Rusiya tərəfindən məhv etmək üçün qanuni hədəf hesab olunur. Yəni Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək.

Bəs, Rusiya NATO texnikalarını vurarsa, bu, hansı nəticələrə səbəb ola bilər?

Mövzu barədə Redaktor.az-ın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu dedi ki, Rusiya artıq Lvovu bombalayırlarsa, artıq bu prosesə başlayıblar.

“Lvov da, Polşa ilə sərhəddə yaxın bir şəhərdir. Amma əlbəttə ki, bütün nəqliyyat infrastrukturunu dağıda bilməzlər. Çünki Amerika da, Avropa da həmin silah və hərbi texnikanı müxtəlif gizli yollarla çatdırır. Əlbəttə bir hissəsi hədəf seçilə bilər. Amma onsuz da Ukrayna ordusunun əlində kifayət qədər silah və sursat var. Deməli o silah və sursat Ukrayna ordusuna artıq çatdırılıb. Buna baxmayaraq, Rusiya kəşfiyyatı əldə etdiyi məlumatlar əsasında çatdırılma nöqtələrini də vurmağa çalışacaq.

Əgər Lvov vurulursa, bu, o deməkdir ki, Lvov da kəşfiyyat məlumatlarına əsaslanır. Amma əlbəttə ki, Rusiya bütün çatdırılma infrastrukturunu məhv edə bilməz. Çünki Amerika kəşfiyyatı da Ukrayna ərazisində çox fəal çalışır. Görünür tək Polşadan deyil, başqa ərazilərdən də Ukraynaya hərbi texnika çatdırılır. Bu çatdırılmanın nəticəsidir ki, Ukrayna ordusu Rusiya ordusuna xeyli itkilər verir”.    

Politoloq qeyd etdi ki, Rusiya ilə NATO faktiki olaraq müharibə aparmırlar:

“Heç nə baş verəcək. Müharibə davam edir. Hələ bir müddət də davam edəcək. NATO onsuz da Ukrayna ərazisində savaşmır. Silah və hərbi texnikasını göndərir, Ukrayna ordusuna çatdırır. Ukrayna ordusu bu hərbi texnikayla savaşır. NATO ordusu birmənalı şəkildə Ukrayna ərazisində vuruşmur. Düzdü könüllülər var. NATO ölkələrindən müəyyən könüllülər gəlib, Ukrayna ordusunda savaşırlar. Rusiya və NATO münasibətləri onsuz da kifayət qədər gərgindir. Amma Rusiya hərhalda Ukrayna ərazisini bombalayır. Hər hansı bir bomba tutaq ki, Polşa ərazisinə düşsə, bu artıq Rusiya-Ukrayna müharibəsini də sürətləndirə bilər”.

E.Şahinoğlunun sözlərinə görə, müharibənin gedişi onu göstərir ki, vəziyyət daha da gərginləşə bilər.

“NATO onsuz da silah və sursatını Ukrayna ordusuna çatdıracaq. Hətta bir hissəsi dağıdılsa, məhv edilsə belə. Məsələn, Rusiya qatarları da hədəf götürür. Bu o demək deyil ki, NATO Ukraynaya silah və sursat çatdırılma prosesini dayandıra bilər. NATO da başqa tədbirlər görəcək. Məsələn, Ukrayna ordusu Rusiya katerlərini məhv edirsə, Rusiya ərazisində müəyyən diversiya həyata keçirirsə, aydındır ki, burada NATO kifayət qədər Ukraynaya kəşfiyyat məlumatları verir ki, Ukrayna ordusu bundan bəhrələnir. Belə baxanda onsuz da Ukrayna ərazisində Rusiya ilə NATO toqquşur. Amma birbaşa toqquşma yoxdur. Toqquşmanın olmasına isə heç kim təminat verə bilməz. Bu gediş əslində ona aparır ki, müharibə daha da genişlənə bilər. Beləliklə, Rusiya-NATO birbaşa toqquşması ehtimalı getdikcə faktiki artır”, - deyə politoloq vurğuladı.

Zərif Ülviqızı