Komandir Heydər Əliyevin kabinetini niyə suyu süzülə-süzülə tərk edib?

 22:44 10.05.2022     881

Azərbaycanın Bosniya və Herseqovinada Fövqəladə və Səlahiyyətli səfiri Vilayət Quliyev özünün feysbuk hesabında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı maraqlı paylaşım edib.

Redaktor.az həmin postu olduğu kimi təqdim edir:

"Doğumunun 99-cu ildönümü günündə böyük şəxsiyyət və böyük dövlət adamı, mərhum Prezident Heydər Əliyevi şükran hissi ilə yad edirəm. Taleyimə minnətdaram ki, dörd il onun rəhbərliyi altında işləmək mənə nəsib olub. İlk dəfə bu böyük insanı 30 il əvvəl, 1992-ci ilin sentyabrında Naxçıvanda görmüşdüm (həyatımda dərin izlər buraxan həmin görüş haqda Elmira Axundovanın "Şəxsiyyət və zaman" kitabında ətraflı bəhs olunub). Müdrik və maraqlı söhbətindən ibrətamiz bir epizodu burada bölüşmək istərdim.

Heydər Əliyev danışırdı ki, böyük çətinliklər bahasına keçmiş SSRİ dövründən qalma Naxçıvan sərhəd dəstəsini muxtar respublika ərazisindən çıxarmağa nail olanda dəstənin komandiri vidalaşmaq adı ilə Milli Məclis sədrinin qəbuluna gəlmiş və Naxçıvandakı xidmət illərindən xatirə olaraq zabitlərin tabel silahlarını özləri ilə aparmalarına icazə istəmişdi. Heydər Əliyev razılaşmayanda bu qaydanın yalnız özünə şamil olunmasını xahiş etmişdi. Amma bu xahişi də rədd edilmişdi. Mərhum Prezidentin cavabı belə olmuşdu:

- Hərbi hissənin ən mühüm atributu onun döyüş bayrağıdır. Siz nə üçün sabah hansısa hərbi şöhrət muzeyində nümayiş etdirilə biləcək döyüş bayrağından çox özünüzdə saxlayacağınız tabel silahını bir təhər yol tapıb aparmaq haqqında fikirləşirsiniz?

Bu sözlərdən sonra sərhəd dəstəsi komandirinin suyu süzülə-süzülə kabineti tərk etməkdən başqa yolu qalmamışdı.

Gün gələcək vətənimizin hər guşəsində yalnız Azərbaycan Ordusunun döyüş bayraqları dalğalanacaq! Böyük Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyət və dönməzlik bütün sahələrdə olduğu kimi bu çətin, lakin şərəfli vəzifənin yerinə yetirilməsində də xalqımıza, dövlətimizə, ordumuza bir örnək, nümunə olacaq".

T.İSMAYIL