“Rusiya-Ukrayna müharibəsi uzun illər davam edəcək” - Politoloq

 17:06 11.05.2022     538

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Ukraynadakı uğursuzluqlarının səbəblərini açıqlayıb. Bildirilib ki, Rusiya Ukraynanın müqavimətini lazımi səviyyədə qiymətləndirməyib. Qeyd olunub ki, əməliyyatlarla bağlı yanlış hesablamaları Rusiyanın yeri doldurulmayan itkilər verməsinə və əməliyyat fokusunun azalmasına səbəb olub.

Mövzu barədə Redaktor.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, artıq 70 gündən çox davam edən müharibədə rusların uğursuzluqlarına səbəb odur ki, Rusiya işğalçı müharibə aparır və motivasiya yoxdur.

“Rus hərbçilərinin motivasiyası yoxdur ki, Ukrayna torpaqlarında hədəfləri nədir. Ukrayna ordusunun motivasiyası var. Öz torpaqlarını qoruyur və işğalçıya qarşı mübarizə aparır. Necə ki, Ermənistanla müharibədə bizim motivasiyamız var idi ki, işğala son qoyaq. Ona görə də, onlarda savaşmaq istəməyənlərin sayı çoxalıb. Eynilə Ukrayna ərazisində Rusiya hərbçiləri bu savaşda çox da maraqlı deyillər. İtkiləri də getdikcə çoxalır” – deyən politoloq bildirdi ki, Rusiyanın məğlub olduğu söylənilsə də, işğal hələ də davam edir:

“İngilis kəşfiyyatı da buna əsaslanaraq deyir ki, Rusiyanın itkiləri daha çoxdur, məğlubiyyətlə üzləşir. Buna baxmayaraq, görürük ki, işğalın coğrafiyası bir qədər genişlənib. Donbas ərazisinin işğalı genişlənib, Mariopolu tamamilə darmadağın etdilər. Xerson bölgəsini işğalda saxlayıb. Bu da ondan xəbər verir ki, hələ müharibə uzun illər davam edəcək”.  

Elxan Şahinoğlunun fikrincə, müharibənin bitməsi üçün Rusiya tamamilə zəifləməli, hakimiyyət dəyişməlidir:

“Rusiyanın qalib gəlmək şansı yoxdur. İndi də olmasa, işğala nə vaxtsa son qoyulacaq. Necə ki, biz özümüz işğala son qoyduq. Amma bu, bu il olacaq, gələn il olacaq, bunu söyləmək çətindir. Gərək Rusiyanın potensialı, resursları zəifləsin və Rusiyada hakimiyyət dəyikliyi baş versin ki, ondan sonra müharibəyə son qoymaq mümkün olsun. Bunların da olması hadisələrin gedişatından asılıdır. Çünki Rusiya Prezidenti Vladimir Putin hələ ki, işğalı davam etdirməkdə qərarlıdır. Putin geri addım atmaq haqqında da düşünmür. Ona görə Putin nə qədər ki, hakimiyyətdədir, müharibənin dayanacağını söyləmək çətindir”.

Zərif Ülviqızı