“Rusiya sülhə mane olsa, öz əleyhinə ikinci bir cəbhəni aça bilər” - Ekspert

Xəbər verdiyimiz kimi, mayın 12-də Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Serqey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.
Qeyd etdiyimiz üçtərəfli görüşlə bağlı Redaktor.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirdi ki, bu görüşdən sonra bir neçə sual ortaya çıxıb.
“Bu, artıq tərəflər arasında il ərzində keçirilmiş çoxsaylı təmaslardan biridir. Görüşdən hansı nəticələr əldə olundu? Bu sual ətrafında ilkin olaraq standartları məhz bu istiqamətdə dəyərləndirməliyik ki, birincisi, sülh müqaviləsinə doğru atılan addımlar öz bəhrəsini verirmi? İkincisi, konkret detallar üzrə, məsələn delimitasiya-demarkasiya məsələləri hansı yöndədir? Üçüncüsü, Rusiya bu əldə ediləcək razılaşmanın, nail olacaqları sülh müqaviləsinin bağlanmasında nə qədər səmimidir?
Bütün suallar üzrə təhlillər də göstərir ki, birincisi Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin razılaşdırılması ilə bağlı böyük ölçüdə yol qət ediblər. Amma bu həftənin əvvəlində Azərbaycanın xarici işlər nazirinin açıqlaması da bu yöndə oldu ki, delimitasiyada, xüsusilə də problem yaradan bəzi detallar var. Onlar əsasən də Qazaxın 7 kəndi və Naxçıvan tərəfdə olan Kərki kəndidir. Bunların taleyi öz həllini tapmalıdır. Azərbaycan tərəfi görüşə getməmişdən əvvəl məhz iki şərti delimitasiya prosesinin tərkib hissəsi kimi ortaya qoydu” - deyən politoloqun sözlərinə görə, Ermənistan tərəfinin də təklifləri var idi:
“Bu görüşə qədər Azərbaycanın 5 təklifi Ermənistana verilmişdi. Ermənistan da onun müqabilində 6 təkliflə çıxış etmişdi. Prinsipial olaraq tərəflərin mövqeləri üst-üstə düşür. Amma erməni tərəfinin Qarabağ üzərindən prosesi uzatmağa çalışması hiss olunur. Burada öz nöqteyi nəzərlərindən 3 əsas şərt ortaya qoyurlar. Bunlardan birincisi yenə status məsələsidir. Bizim nöqteyi nəzərimizdə bu, bitmiş bir məsələdir. İkinci məsələ, statusun arxasınca onlar bölgədəki ermənilərin təhlükəsizlik məsələsini irəli sürürlər. Üçüncü məsələ isə iqtisadi təminat məsələsini irəli sürürlər”.
Əziz Əlibəylinin sözlərinə görə, Azərbaycan tərəfinin onların təkliflərinə cavabı bəllidir:
“Azərbaycan Prezidenti qeyd edir ki, bütövlükdə heç bir status məsələsi yoxdur. Ermənilər üçün digər Azərbaycan vətəndaşlarına şamil olunan imtiyazlar onlara da şamil olunacaq. İqtisadi təminata gəldikdə, bu, Azərbaycan ərazisidir. Bizim digər ərazilərimizdə hansı quruculuq, tikinti işləri görülürsə, bu işlər davam etdiriləcək və büdcədən ayırmalar olacaq”.
Ekspert xarici işlər nazirlərinin görüşündən önəmli bir detala da toxundu:
“Görüş içərisində Azərbaycan tərəfi belə bir bəyanatla çıxış etdi ki, Xankəndidə ictimai asayişin bərpa olunmasını Azərbaycan həyata keçirə bilər. Bu ipucu da göstərir ki, ola bilər ki, bağlı qapılar arxasında o üçlü görüşdə ötən görüşdə olduğu kimi ciddi irəliləmələr olub. O cümlədən də, Azərbaycanın hərbi deyil, mülki və polis təşkilatlarının Xankəndidə fəaliyyət həyata keçirməsinə hazırlıq razılaşması olsun. Niyə bu hiss olunan razılaşmadır və bu nə ilə əlaqədardır? Ona görə ki, biz beynəlxalq platformada Rusiyanı cəmi iki meydanda görə bilərik. Bu, birincisi bütün dünyanı qarşısına aldığı və anti-Rusiya koalisiyasına səbəb olan Ukrayna platformasıdır. Artıq buradakı vəziyyət məlumdur. İkinci platforma isə Azərbaycanın 10 noyabr razılaşması ilə Rusiyaya məsuliyyət olaraq verdiyi öhdəliklərdir. Yəni sülh yaratmaq missiyası və sülhə nail olmaq üçün vasitəçilik. Bu həm də ATƏT-in Minsk qrupunun həmsədri olmasından irəli gələn bir ənənədir”.
Əziz Əlibəyli qeyd etdi ki, sonrakı məsələlərin necə olacağı Rusiyadan asılıdır:
“Beləliklə ortaya çıxan mənzərəni təhlil etsək görərik ki, bu sülh müqaviləsinin imzalanması da indiki anda Rusiyanın marağındadır. Əks halda Rusiya üçün ikinci bir cəza formalaşmış olur. Bu mənada Rusiyanın həm Ermənistanda, həm də Qarabağdakı ermənilər arasında dəstəyinin, faktorlarının, piyadalarının olduğunu nəzərə alsaq, o zaman belə bir mənzərə ortaya çıxır ki, əslində sülh müqaviləsinin imzalanmasının gecikməsi və ya operativ şəkildə əldə edilməsi Rusiyanın iradəsindən asılıdır”.
Müsahibimizin sözlərinə görə, yaxın vaxtlarda sülh müqaviləsi istiqamətində işlər görə bilərik:
“Ona görə də bu pozitiv notlar üzərində irəli fikir bildirmək olar ki, müəyyən razılaşmaların əldə edilməsinə ümidlər var. Hətta biz yaxın müddətdə görə bilərik ki, Rusiya bu məsələdə sülhə mane olsa, xoş olmayan ikinci bir cəbhəni də öz əleyhinə formalaşdıra bilər. Onda biz gəlin düşünək ki, hər iki halda yaxın vaxtlarda sülh müqaviləsinə yönəlik, yaxud da yönəlik olmayan bir hərəkətlənmələrin irəliləmələrinə şahid ola bilərik”.
Zərif Ülviqızı