"Türkiyə Azərbaycanı gələcəkdə də dəstəkləyəcək" - Mustafa Şentop
“Azərbaycanda olmaqdan məmnunluq hissi duyuram. İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransı ölkələrimizin inkişafı üçün çox vacibdir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
Onun sözlərinə görə, Türkiyə olaraq parlamentlərarası münasibətlərin gücləndirilməsinə böyük önəm verirlər: “Problemlərimizi həll etmək üçün birgə hərəkət etməliyik”.
“Pandemiya həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir göstərib. Bu təsir hələ də davam edir. Miqrasiya, yoxsulluq təhdidə çevrilib. Ukraynadakı müharibənin təsiri altında ərzaq problemi üzə çıxıb”.
M.Şentop qeyd edib ki, Azərbaycan torpaqları işğal olunan zaman bir sıra təşkilatlar torpaqların işğalını tanıyıblar:
"İşğala son qoymaq üçün Minsk qrupu yaradılmışdı, ancaq heç bir həll yolunu uğurlu şəkildə həyata keçirə bilməyib”.
O xatırladıb ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edilib: “Mən bu münasibətlə Prezident İlham Əliyevi təbrik edirəm. Qarabağ Azərbaycandır!”.
M.Şentop deyib ki, Türkiyə Azərbaycanı 44 günlük Vətən müharibəsi zamanında dəstəkləyib, indi də dəstəkləyir və gələcəkdə də dəstəkləyəcək: "Çünki müharibə zamanı Azərbaycan haqlı idi".
"Məcburi köçkünlərin problemlərinin həll olunması üçün qlobal yanaşma vacibdir. Konfrans bizim bölgənin inkişafı üçün çox vacibdir", - deyə parlament sədri bildirib.












