“Türkiyənin yanaşması təkcə İsveçə və Finlandiyaya ünvanlanmış bir mesaj deyil” - Elçin Mirzəbəyli

 10:07 18.05.2022     433

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq. Çünki bu iki ölkə Türkiyənin terror təşkilatlarına üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib. Ərdoğan bəyan edib ki, Türkiyə ona qarşı sanksiyalar tətbiq edən ölkələrin NATO-ya qəbulu ilə razılaşa bilməz.

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına hansı şərtlərlə razı ola bilər? İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün Türkiyənin şərtlərini qəbul edəcəklərmi?

Mövzu barədə Redaktor.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, İsveç mahiyyət etibarilə bu günə qədər Türkiyəyə, bütövlükdə türk dünyasına münasibətdə ən qərəzli, ən qeyri-obyektiv mövqe sərgiləyən ölkələrdən biridir:

“Digər tərəfdən faktiki olaraq PKK tərəfdarları nəinki bu ölkədə özlərinə yer tapıblar, hətta bu ölkənin parlamentinə qədər gedib çıxıblar. Ayrı-ayrı bələdiyyə strukturlarında təmsil olunurlar. Bu, İsveç tərəfindən faktiki olaraq PKK/YPG terror qruplarının birbaşa himayəsi altında olduğunu nümayiş etdirən bir fakt kimi dəyərləndirilə bilər.

Finlandiya siyasətçiləri arasında da PKK-ya, terror qruplarına, separatizmə dəstək verən insanlar var. Amma bu, İsveçdən fərqli olaraq dövlət səviyyəsində olan bir məsələ deyil”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin yanaşması təkcə İsveçə və Finlandiyaya ünvanlanmış bir mesaj deyil:

“Bütövlükdə NATO üzvü olan ölkələrə qarşı münasibətdə sərgilənən bir mövqedir. Çünki NATO üzvü olan dövlətlərin arasında da PKK-ya dəstək verən, onları silahlandıran, maliyyə təminatı verən ölkələr kifayət qədərdir. NATO üzvü olan ölkələrdə də PKK tərəfdarları çox rahat şəkildə Türkiyənin əleyhinə iş aparırlar və təbii ki, bütün bunlar müttəfiqlik münasibətlərinə uyğun gələn bir yanaşma deyil. Türkiyə də bunu xatırladır ki, ya müttəfiq kimi davranın, ya da bu davranışlar heç bir standarta, ölçüyə sığmır.

NATO üzvü olan dövlətlər üzv dövlətlərin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət daşıyırsa və NATO üzvü olan dövlətlər qarşılıqlı şəkildə bir-birinin müdafiəsi üçün öhdəlik götürürlərsə, o zaman Türkiyənin də maraqları nəzərə alınmalı, Türkiyə dövlətinə qarşı siyasət yürüdən, Türkiyəni parçalamağa çalışan, Türkiyədə terror törədən təşkilatlar, qruplar, həmin ölkələr NATO üzvü olan dövlətlər tərəfindən də himayə olunmalı deyil. Türkiyənin mesajı sadəcə İsveç və Finlandiya ilə bağlı olan məsələ deyil”.

Elçin Mirzəbəyli qeyd etdi ki, Türkiyənin şərtləri NATO nizamnaməsinə uyğundur:

“Yalnız o şərtlə Türkiyənin mövqelərində dəyişiklik əmələ gələ bilər ki, NATO üzvü olan bütün dövlətlər Türkiyənin təqdim etdiyi siyahı əsasında PKK/YPG və digərlərini terror qrupu elan etsinlər və onların faəliyyətinə görə istər siyasi, istər hərbi müstəvidə konkret olaraq addımlar atsınlar. Öz ölkələrində olan keçmiş və indiki PKK terrorçularını da cinayət məsuliyyətinə cəlb etmək istiqamətində konkret mövqe sərgiləsinlər. Bu zaman artıq bu mövqe Türkiyəyə münasibətdə müttəfiqlik ola bilər. Təsəvvür edin ki, əgər Türkiyə ABŞ-ın və yaxud Almaniyanın, Fransanın, NATO üzvü olan hər hansı bir dövlətin əleyhinə çıxış edən və bu dövlətləri parçalamağa çalışan terrorçulara qucaq açsaydı, onda NATO və üzvü olan dövlətlər hansı mövqeni sərgiləyərdi. Bu baxımdan, Türkiyənin tələb etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, NATO-nun nizamnaməsinə uyğun bir davranışdır”.

Politoloq bildirdi ki, Türkiyə yeni qəbul olunan dövlətlərin də nizamnaməyə uyğun davranmasını istəyir:

“Əgər onlar üçün öz təhlükəsizlikləri mühüm amildirsə, əhəmiyyət kəsb edirsə və bu hədəf olaraq həmin dövlətlərin qarşısında dayanıbsa, o zaman şübhəsiz ki, Türkiyənin ədalətli şərtləri ilə barışmalıdırlar. Türkiyə qeyri-müəyyən bir mövqe ortaya qoymayıb. Həmin ölkələrdən tələbi beynəlxalq hüququn prinsiplərinə, NATO nizamnaməsinə zidd olan bir mövqe deyil. Əksinə Türkiyə NATO-nun nizamnaməsi çərçivəsində üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini tələb edir. Yeni qəbul olunan dövlətlərin də buna uyğun davranmaları üçün müvafiq addımlar atmaqlarını tələb edir. Bu tamamilə hüquqi və məntiqli bir yanaşmadır”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən