Azərbaycanın təklifləri sülh istəyən bütün tərəflərə faydalıdır - Musa Qasımlı

 17:09 23.05.2022     727

Prezident İlham Əliyevin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşündə Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafı, habelə sərhəd regionuna aid məsələlər müzakirə edilib. Humanitar məsələlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirə aparılıb və itkin düşmüş insanların taleyinə də toxunulub. Məlum olduğu kimi, birinci Qarabağ münaqişəsində təqribən 4 min nəfər azərbaycanlının taleyindən indiyədək xəbər yoxdur.

Müzakirələr nəticəsində əldə edilən razılaşmalar aşağıdakılardır:

Birincisi, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə olacaqdır. İclasda sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsinə dair bütün məsələlər müzakirə ediləcəkdir. Bu razılaşma müharibədən sonra Azərbaycanın təklifi və istəyidir. Azərbaycan dövləti Ermənistanla normal münasibətlərin qurulması üçün sərhədlərin delimitasiya və demarkasiya edilməsini, mehriban qonşuluq münasibətlərinin yaradılmasını istəyir. Sülh və mehriban qonşuluq ən düzgün yoldur. Regiona gəlmə olmalarına və Azərbaycan ərazilərində sonradan özlərinə dövlət yaratmalarına baxmayaraq, Ermənistanla mehriban qonşuluq münasibətləri yaratmaq Azərbaycanın istəyidir. Bu dövlətlər və xalqlar uçub aya getməyəcəklər. Heç kəsə sirr deyildir ki, hər hansı bir ölkənin sərhədlərini, coğrafi yerləşməni dəyişdirmək çox çətin bir işdir. Ona görə də Ermənistan imkanları ilə üst-üstə düşməyən əsassız iddialarından, xəyallarından imtina edərsə, fayda götürər.

İkincisi, görüşdə nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurətində razılığa gəlinib. Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər. Bu işi baş nazirlərin müavinləri davam etdirəcəklər. Razılaşma “blokadada” saxlandığı barədə haray-həşir qoparan Ermənistan üçün də faydalıdır.

Üçüncüsü, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Müharibədə əzici qələbə qazanan Azərbaycan dövləti Ermənistanla düşmənçiliyin tarixə keçməsini və mehriban qonşuluq münasibətlərin qurmaq istəyir. Bəlli səbəblərdən Bakı və İrəvan bəlkə də heç vaxt qardaşlaşmış şəhərlər olmayacaqlar, amma mehriban qonşular kimi yaşamaq ən yaxşı yoldur.

Dördüncüsü, Şarl Mişel Qarabağdakı etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirib. Şarl Mişelin “etnik erməni əhalisi” ifadəsi işlətməsi beynəlxalq normalara tam uyğundur. Çünki Qarabağda bəzi erməni siyasətçilərinin dediyi kimi, hansısa “xalq” deyil, etnik ermənilər var. Azərbaycan dövləti heç bir zaman ermənilər əleyhinə siyasət aparmayıb. Azərbaycan qanunlarına riayət edən etnik ermənilər bütün digər qruplar kimi ölkəmizdə bərabərhüquqlu vətəndaşlar olaraq rahat bir şəkildə yaşaya bilərlər. Dövlətin qanunları Avropa ölkələrində olduğu kimi etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar üçün eynidir.

Beşincisi, Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəkdir. Bu addım işğaldan azad edilmiş ərazilərdə dirçəliş işlərini aparan Azərbaycana da faydalıdır.

Nəhayət, görüşün yekununda əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyi vurğulanıb. Bu məsələdə Azərbaycan tərəfindən heç bir problem yoxdur. Əsas çətinliklər hələ də müstəqil olmayan Ermənistanla bağlıdır. Xaricdən məlum dövlətlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının əleyhinə çıxırlar. Belə hesab edirlər ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətləri qurularsa, onda onlara bu regionda ehtiyac qalmayacaqdır. Əslində üçüncü dövlətə ehtiyac da yoxdur. Azərbaycan və əgər təsirlərdən azad, müstəqil olarsa, Ermənistan baş-başa qalarlarsa, bütün çətinliklərə baxmayaraq, mehriban qonşular ola bilərlər. İndiyədək Azərbaycan və erməni xalqları “parçla və hökm sür” siyasətindən daim əziyyət çəkiblər.

Musa Qasımlı,

Milli Məclisin deputatı, professor