"Yaxın zamanlarda sülh müqaviləsi imzalana bilər" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb. Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub. Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Komissiyada digər nazirliklərin və qurumların nümayəndələri də təmsil olunacaq.
Mövzu barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov dedi ki, bu komissiyaların yaradılmasında məqsəd sərhədlərin müəyyən olunmasıdır:
“22 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi və təşəbbüsü ilə keçirilən görüşün məntiqi nəticəsi olaraq bir sıra istiqamətlər üzrə razılaşmalar əldə edilib. Həmin razılaşmalardan biri də hər iki ölkənin sərhədlərinin müəyyən edilməsi ilə bağlı qarşılıqlı komissiyaların yaradılması və onların işə başlaması məsələlərini özündə ehtiva edirdi. Bu reallıq Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında da öz əksini tapıb. Lap yaxın zamanlarda hər iki ölkənin sərhəd komissiyalarının işə başlayacağı ilə bağlı artıq razılaşma var. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Azərbaycan tərəfdən sərhəd komissiyasının üzvləri təyin edilib. Eyni zamanda analoji addımı Ermənistanın baş naziri atıb. Onların da sərhəd komissiyasının tərkibi müəyyən edilib. Tərkibi bəllidir, siyasi iradə ortadadır. Yaxın zamanlarda komissiyaların Ermənistan-Azərbaycan sərhəddində işə başlayacağı gözlənilir. Onların əsas məqsədi ilk növbədə sərhədlərin delimitasiyası ilə bağlı məsələlərdir”.
Deputat qeyd etdi ki, bu, eyni zamanda sərhəddə təhlükəsizlik mühitinin formalaşmasına xidmət edən addımların müəyyən edilməsi ilə bağlıdır:
“Çünki biz tez-tez post-müharibə dövründə də sərhədin pozulması, sərhəd ətrafında gərginliklərin yaranması ilə bağlı vəziyyətlə üz-üzə qalırıq. Bütün bu halların baş verməməsi üçün mexanizm yaradılmasına ehtiyac var. Nəzarət mexanizmi olmalıdır ki, bu hallar baş verməsin. Çünki belə halların baş verməsi, sərhəd insidentləri nəticə etibarilə iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə zərbə vurur. Bütün bu reallıqları nəzərə alıb artıq konkret əməli addımlar atılmaqdadır. Haqqında çoxdan bəhs edilən komissiyalar artıq formalaşıb. Sadəcə işə başlamaq lazımdır. Yaxın perspektivdə, yaxın günlərdə istisna deyil ki, onlar da öz işinə başlayacaq. Hesab edirəm ki, bu addım nəticə etibarilə sülh müqaviləsi üçün çox münbit bir şəraitin formalaşmasına gətirib çıxara bilər”.
Elman Nəsirov hələ də Ermənistanın işğalında qalan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi ilə bağlı bildirdi ki, həmin ərazilərin də qaytarılması mümkün olacaq:
“O məsələlər 10 noyabr sənədində də, üçtərəfli bəyannamədə də öz əksini tapıb. Yəni onlar da tarixi Azərbaycan əraziləridir. Onların qaytarılması da zaman məsələsidir. Hesab edirəm ki, bu komissiyanın işə düşməsi və onların əməli addımlar atması fonunda Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndini də Azərbaycanın geri qaytarması mümkün olacaq”.
Deputat hesab edir ki, bütün bu məsələlərlə birgə Zəngəzur dəhlizi də öz həllini tapacaq:
“Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldən geri döndükdən sonra qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı oldu. Telefon danışığında söylədi ki, Brüssel danışıqlarında Ermənistan və Azərbaycan arasında nəqliyyat-kommunikasiyaların bərpası istiqamətində işin intensivləşməsi və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı prinsipial razılıq əldə edilib. Yəni Ermənistan tərəfi də buna razıdır. Bütün danışıqlar prosesi və atılan addımlar Azərbaycanın irəli sürdüyü məlum 5 baza prinsipi əsasında həyata keçirilib. Həm də Zəngəzur dəhlizinin işə salınması məsələsini özündə ehtiva edir. Bu istiqamətdə həllini tapmayan məsələ qalmayıb”.
Millət vəkilinin sözlərinə görə, Paşinyan 5 baza prinsipini qəbul etməklə, əslində bu gün atdığı addımlara razılıq vermişdi:
“Sadəcə həmin addımların intensivliyi aşağı səviyyədə idi. Bunu da daxili amillərlə bağlayırıq. Ermənistanda Qarabağ klanı - hərbi canilər Köçəryan və Sarkisyanın timsalında yenə də revanşist iddialarla çıxış edirlər. Revanşist tərəfdaşları bir araya toplayıb Ermənistanda hakimiyyət çevrilişi etmək istəyirlər və xarici tərəfdaşlardan da dəstək almaq niyyətlərini gizlətmirlər. Bütün bu reallıqlar fonunda Paşinyan daha ehtiyatlı davranış ortaya qoyur. Həmin ehtiyatlı davranışın məntiqi nəticəsi olaraq bir çox hallarda siyasi manevrlər edir, daxili auditoriyaya ünvanlanmış bəyanatlarla çıxış edir.
Revanşistlər məğlubiyəti həzm edə bilmirlər. Müharibəni aparmağa isə Ermənistanın gücü, potensialı yoxdur, dağıdılmış ordusu, 10 mindən çox fərarisi var, iqtisadiyyatı çöküb. Belə bir ölkənin müharibə aparmaq xəyalına düşməsi bu siyasi intihardan başqa bir şey deyil. Ona görə bütün bu reallıqları Paşinyan çox gözəl dərk edir. Bilir ki, Ermənistanın nicatı əməkdaşlıqdadır. Ermənistan yalnız blokadadan çıxdıqdan sonra ölkə vətəndaşlarının sosial rifahı da təmin edilə bilər. Ona görə də Ermənistanın baş naziri bir çox hallarda daxili auditoriyanı nəzərə alıb geri çəkilmələr də edir. Amma eyni zamanda vəziyyəti qiymətləndirib irəliyə doğru da addımlar atır. Bunu da nəzərdən qaçırmaq olmaz. Hər halda Ermənistan siyasi rəhbərliyi bunun fərqindədir ki, Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Ola bilsin normallaşdırmaqla bağlı atılan addımlar elə də böyük olmasın, kiçik olsun. Amma hər halda addımlar atılmaqdadır. Bu, diqqətdən yayınmır”.
Elman Nəsirov bildirdi ki, bütün bu atılan addımlarda məqsəd sülh müqaviləsinin imzalanması ilə bağlıdır:
“Təsadüfi deyil ki, Şarl Mişel Brüssel danışıqlarının sonunda verdiyi bəyanatda da qeyd etdi ki, Avropa İttifaqı sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsinə tam dəstək vermək niyyətindədir. Bunun üçün ilk növbədə iki dövlət və iki xalq arasında etimad mühitinin formalaşdırılması, insanlararası münasibətlərin yaranması çox mühüm məsələlərdir. Avropa İttifaqı bu prosesə dəstək verəcəyini bəyan edib.
Eyni zamanda ABŞ Prezidenti Cozef Baydenin Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə məktubunda da qeyd olunur ki, regionda gedən sülh proseslərini ABŞ diqqətlə izləyir və ona dəstək verir. Regionda uzunmüddətli sülhün təmin edilməsi ABŞ-ın da strateji maraqlarına cavab verir. Eyni zamanda Birləşmiş Ştatların prezidenti vurğuladı ki, Azərbaycanın indiki reallıqlar fonunda atdığı addımlar təqdir olunur, müsbət addımlardır. Bu addımların nəticəsi olaraq regionda sabit bir mühitin formalaşması sülh və əmin-amanlıq şəraitinin yaranması mümkün olacaq. Rəsmi Vaşinqton da bu prosesdə yaxından iştirak edib, öz töhfəsini vermək niyyətindədir”.
Müsahibimiz sonda bildirdi ki, yaxın zamanda sülh müqaviləsi imzalana bilər:
“Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin siyasi iradəsi var. Bu iradəni Ermənistan dövləti, onun siyasi rəhbəri qəbul edib. Avropa İttifaqı bu prosesləri dəstəkləyir. Bütün bu proseslər fonunda hesab edirəm ki, sülh prosesinin imzalanmasına mane olan tərəflərin təsir imkanları məhdudlaşır. Hesab etmək olar ki, yaxın perspektivdə regionda uzunmüddətli və dayanıqlı sülhün bərpası istiqamətində çox ciddi addımlar atılacağına şahidlik edə bilərik. Yəni yaxın zamanda sülh ola bilər”.
Zərif Ülviqızı












