İlham Əliyevə təbriklər gəlməkdə davam edir

 15:33 26.05.2022     367

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Çin Xalq Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana güc və qüdrət, onun xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıram".

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm.

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub.

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik.

Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək diləyirəm".

***

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.

Əminəm ki, biz qarşıdakı aylarda bütün səviyyələrdə dialoqu davam etdirəcəyik və Sizin Serbiya Respublikasına həyata keçiriləcək səfəriniz ikitərəfli əməkdaşlığımızın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdiyimizi nəzərə alsaq, Sizin səfəriniz bu baxımdan müstəsna əhəmiyyət kəsb edəcək.

Məmnunluqla qeyd etmək istərdim ki, keçən il yaxşı əlaqələndirilmiş birgə səylər nəticəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından nəzərəçarpan irəliləyiş əldə etmişik. Bu, strateji tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir.

Fürsətdən istifadə edərək, iqtisadi əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində səylərin daha da artırılmasının zəruriliyini, bu prosesdə ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın xüsusi rolunu vurğulamaq istəyirəm.

İcazə verin, Serbiyanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsində Azərbaycanın göstərdiyi prinsipial mövqeyə görə bir daha Sizə təşəkkürümü bildirim. Bizim üçün böyük önəm daşıyan bu məsələ ilə bağlı Azərbaycan Respublikasının dəyişməz mövqeyi ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinə daimi sadiqliyinin bariz nümunəsidir.

Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

Vumart və Güvən reklamı Vumart Güvən