"Türkiyənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması daha vacibdir" - Kərəm Məmmədov

 17:27 26.05.2022     824

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar olacağı təqdirdə Yaponiyanın Şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, BMT TŞ-nin 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.

Məsələ burasındadır ki, Türkiyə də BMT TŞ-yə daimi üzvü olmaq istəyir. Əgər Yaponiya Şuraya daimi üzv seçilərsə, bu zaman Türkiyə də daimi üzv ola bilərmi?

Mövzu barədə Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov dedi ki, Baydenin bu fikri onda böyük bir qıcıq yaradıb:

“Təhlükəsizlik Şurasının 5 daimi üzvləri regionlar üzrə bölünüb: İkinci Dünya müharibəsinin qalibləri, eyni zamanda əsas güc mərkəzləri. Amma BMT-nin rəsmi dilləri də regionlar üzrə bölüşdürülüb. Necə olur ki, ərəb dili BMT-nin əsas dillərindən biri hesab olunur, türk dili yox? Bu gün türk dünyası coğrafi, əhali, iqtisadi, eyni zamanda geosiyasi, etnik qrup baxımdan dünyada ən önəmli, böyük əhəmiyyət kəsb edən böyük toplumdur”.

Müsahibimiz bildirdi ki, TŞ-yə Yaponiya üzv olmaqdansa, Türkiyə olsa daha yaxşı olar:

“Necə olur ki, Yaponiya kimi bir balaca dövlət Təhlükəsizlik Şurasına daimi üzv seçilsin. Özü də Yaponiya İkinci Dünya müharibəsində məğlub olmuş bir dövlətdir. BMT Təhlükəsizlik Şurasının təşkil olunduğu tarixi nəzərə alsaq, Almaniya da məğlub dövlət idi. Almaniyanın iqtisadi, siyasi gücü bu gün o qədər də az deyil. Elə Yaponiya əvəzinə, Almaniyanı seçərdilər. Yaponiya məğlub dövlət sırasında idi. Yaponiyanı niyə bu gün Təhlükəsizlik Şurasına üzv seçmək istəyirlər? Eləyə qalanda türk dünyasının lider dövləti, türk toplumunu bütün parametrləri üzrə təmsil edə biləcək bir dövlət, eyni zamanda həm regionda, beynəlxalq aləmdə böyük nüfuz, söz sahibi ola biləcək dövlət Türkiyədir. Yaponiyanın əvəzinə ədalət mövqeyi ilə çıxış edəcək Türkiyənin Təhlükəsizlik Şurasının daimi üzvü olması daha vacibdir, daha ədalətli olar”.

Kərəm Məmmədov qeyd etdi ki, TŞ-nin üzvləri dünyada hər istədiyini edir:

“Baydenin bu təklifini birmənalı qarşılamıram. O, yenə də ikili standart baxımından yanaşılmış bir fikirdir. Cənab Ərdoğan həmişə deyir ki, dünya beşdən böyükdür. Düz deyir. Çünki bu gün o beşlik dünyada istədiyini edir və onların istədiyini etməsinin nəticəsi olaraq dünyada haqq-ədalət, nizam tərəzisi pozulur. Çünki o beşlik istədikləri vaxt onlara sərf edən qərarı çıxarda bilirlər. O çıxardıqları qərarı onlara sərf edəndə icra olunmasını təmin edirlər. Amma onlara sərf etməyəndə onun icrasını göz ardına vururlar və icra olunmur”.

Konfliktoloq qeyd etdi ki, Türkiyə hər zaman ədalətli mövqe ortaya qoyub:

“Belə bir sual yarana bilər ki, niyə Türkiyəyə qısqanclıqla yanaşırlar? Bütün dünyanın hər bir regionunda baş verən münaqişə, müharibə, mübahisəli bölgələrin hər birində Türkiyə hər zaman ədalətin yanında olub. Ədalətin tərəzisini hər zaman qoruyub. Heç vaxt haqlının haqqını haqsıza yedirməyib. Ona görə bu gün Türkiyə bütün o münaqişə bölgələrində də böyük nüfuz qazanıb. Ona görə ki, hər zaman haqqın tərəfində olub. Ərdoğanın dediyi kimi dünya beşdən böyükdür və orada islahatlar aparılmalıdır. Amma islahatlar o formada aparılmamalıdır ki, yenə də beşlik özünə uyğun hansısa bir dövləti Təhlükəsizlik Şurasına daxil edib, altılıq olsun”.

Kərəm Məmmədov onu da bildirdi ki, Qərb dünyası Türkiyəni qısqanır:

“Suriyada, ərəb dünyasında baş verən münaqişələrdə Türkiyə hər zaman ədalətin tərəfində olub. Zəifin haqqı varsa, zəifi müdafiə edib, güclünün haqqı varsa, güclünü. Yaxın Orta Şərqdə, dünyanın digər yerlərində, münaqişə gedən bölgələrdə ən nüfuzlu, ən hörmətli dövlət məhz Türkiyədir. Məhz ədalətli mövqe tutduğuna görə. Əgər Qərb də, dünyanın başqa güc mərkəzləri də imkan versəydilər Rusiya ilə Ukrayna müharibəsində Türkiyə ilk gündən vasitəçilik edib, tərəfləri barış yoluna gətirməyə çalışırdı və uğur əldə edərdi. Ona görə də Türkiyəyə onlar qısqanclıqla yanaşırlar. Türkiyəni tam mənası ilə hər sahədə qısqanırlar”.

Konfliktoloq əlavə etdi ki, Türkiyədə Ərdoğan hakimiyyətindən öncə Qərb dünyasına meydan oxuyan olmamışdı:

“Türkiyə NATO-da İsveç və Finlandiya məsələsində sözünü qəti şəkildə dedi ki, bizim fikrimiz budur. Eynilə başqa bölgələrdə. Yəni Türkiyə ədalətli olduğuna görə hörməti getdikcə artır. Ona görə də onlara sərf etmir. Türkiyənin mövqeyinə qısqanclıqla yanaşmalarının səbəbidir ki, bu məsələlərdə Türkiyənin üzv olmağını istəmirlər. Türkiyə son 20 ildə, Ərdoğan hakimiyyətə gələndən sonra hər yerdə öz sözünü birbaşa deyib. Ərdoğandan əvvəl kimsə BMT tribunasında elə bir ifadə işlətmişdi ki, dünya beşdən böyükdür? Bu, birbaşa həmin o beşliyə meydan oxumaq idi ki, beşliyin əlində dünya belə qala bilməz”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən