“Ərdoğanın səfəri Azərbaycan-Türkiyə qardaşlığı barədə dünyaya bir mesajdır” - Musa Qasımlı

 12:04 28.05.2022     336

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevlə Azərbaycanın Müstəqillik Gününü birgə qeyd edəcək. Birgünlük səfər çərçivəsində Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalının keçirildiyi məkana da baş çəkəcək.

Milli Məclisin deputatı, professor Musa Qasımlı Redaktor.az-a bildirdi ki, Türkiyə Prezidentinin 28 May – Müstəqillik Günündə Azərbaycana səfər etməsinin çox dərin mənası var:

“Bu, ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının göstəricisidir. İki ölkə rəhbəri – Rəcəb TayyiB Ərdoğan və cənab prezidentimiz İlham Əliyev arasında olan qardaşlıq-dostluq münasibətləri, bağları ilə əlaqədardır. Azərbaycan xalqı üçün əziz olan Müstəqillik Günündə qardaş ölkə prezidentinin Bakıya gəlməsi, bayramı Azərbaycan milləti ilə birlikdə keçirməsi dövlət müstəqilliyimizə hörmət və ehtiramın əlamətidir. Ötən illərin təcrübəsi göstərdi ki, Azərbaycan və Türkiyə bərabər hərəkət etdikləri zaman qarşılarında kimsə dayana bilmir. Bizim münasibətlərimizin böyük potensialı və perspektivləri var”.

Deputat bildirdi ki, bu səfər dünyaya bir mesajdır:

“44 günlük Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, kənar müdaxilə olarsa, Türkiyə də anında müdaxilə edəcək. Bu səfər Azərbaycan-Türkiyə qardaşlığı barədə dünyaya bir mesajdır. Bir daha göstərir ki, ölkələrimiz təkcə dost, qardaş, milli köklər, din baxımından eyni deyillər. Eyni zamanda strateji müttəfiqdirlər. Bu strateji müttəfiqliyin kökləri çox dərindir”.

Zərif Ülviqızı

Vumart və Güvən reklamı Vumart Güvən