Fransa və İran prezidentləri İlham Əliyevə məktub yazdılar

 16:24 31.05.2022     194

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Müstəqillik Günü ilə bağlı Prezidenti İlham Əliyevi təbrik ünvanlayıb.

Redaktor.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm əsaslar yaratmışdır. Xalqlarımız arasındakı həmin tellərə söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə genişləndirilməsinə səy göstərmişdir.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcəkdir.

Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm.

Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının bütün xalqına isə uğurlar və xoş günlər arzulayıram".

***

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

2022-ci il önəmli bir ildir, Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Ötən illər ərzində biz möhkəm ikitərəfli əlaqələr, siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq qurmağa nail olmuşuq. Ölkələrimizi birləşdirən əlaqələri daha da dərinləşdirməyi arzu edirəm.

Bu fürsətdən istifadə edərək, Fransanın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm. Etimad mühitinin yaradılması regionda sülhün qurulması üçün vacibdir.

Hücuma məruz qalan Ukraynaya və onun əziyyət çəkən xalqına Azərbaycanın humanitar sahədə göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm. Müharibənin qitəmizdə təhlükəsizliyi və sabitliyi ciddi şəkildə sarsıtdığı bir vaxtda arzu edirəm ki, bu gün xüsusi əhəmiyyət daşıyan siyasi dialoqumuzu daha da gücləndirək.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".