"Müharibənin ilk günündən Türkiyə özünün qəti mövqeyini ortaya qoydu" - Spiker

 11:36 02.06.2022     316

“44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, şübhəsiz ki, bu birlik və həmrəyliyimizin ən parlaq nümunəsidir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan bütün kənd və şəhərlərimizi yerlə bir edib, tarixi, mədəni, dini abidələrimizi dağıdıb və ya təhqir edib.

“Aparılmış etnik təmizləmə nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Erməni şovinistləri 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərcə günahsız dinc sakini vəhşicəsinə qətlə yetiriblər. Təəssüf ki, bütün bu illər ərzində beynəlxalq birlik Azərbaycan torpaqlarının işğalına biganə yanaşırdı. Lakin biz torpaqlarımızın azad olunması uğrunda apardığımız mübarizədə qardaş Türkiyənin bütün istiqamətlərdə güclü dəstəyini hər zaman hiss edirdik. Elə müharibənin ilk günündən Türkiyə Respublikasının hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti özünün qəti və birmənalı mövqeyini ortaya qoydu. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Mustafa Şentop və digər parlament üzvləri öz bəyanatları ilə Azərbaycanın yanında olduqlarını nümayiş etdirdilər. Türkiyə xalqı Azərbaycanın tarixi zəfərinə öz zəfəri qədər sevindi, qələbəni bizimlə birgə bayram etdi”, - deyə S.Qafarova bildirib.