Ermənilər qəbirləri təhqir edib, dağıdıb - ABŞ Dövlət Departamenti

 16:04 03.06.2022     223

Azərbaycan ərazilərinin erməni işğalında olduğu dövrdə yüzlərlə məscid, ziyarətgah və qəbiristanlıq talan edilib, təhqir olunub və dağıdılıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında bildirilir.

Qeyd olunub ki, uzun sürən münaqişə regionun mədəni irsinə dağıdıcı təsir göstərib.

Əlavə olunub ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılması sənədləşdirilib. Qəbirlər təhqir olunub, onların ağır tikinti texnikası ilə dağıdılması, qəbir daşlarının zədələnməsi, insan qalıqların ekshumasiyası izləri aşkar edilib.

Hesabatda bildirilir ki, azərbaycanlı qəbirlərindən qalıqlar qızıl dişlərin çıxarılması məqsədilə ekshumasiya edilib, bundan sonra kəllə və sümünklər qəbiristanlıq boyunca səpələnib:

“Erməni qəbiristanlıqları toxunulmaz qalıb”.

Həmçinin, qeyd olunur ki, Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı minalanması şəhər və kəndlərdəki yüzlərlə dini məkanın böyük əksəriyyətinə girişi mümkünsüz edib.

Vandallığa məruz qalan mühüm dini obyektlər sırasına Füzuli rayonundakı 19-cu əsrə aid dağıdılmış Hacı Ələkbər məscidi və erməni dilində qraffiti ilə təhqir olunmuş, mehrabı (divarda Məkkə istiqamətini göstərən dəlik) güllələnmiş Ağdamdakı Cümə məscidi daxildir. Bütün Ağdam boyunca qəbiristanlıqlar təhqir edilib, talan edilib, dağıdılıb. Onların arasında İmarət Qərvənd qəbiristanlığında 18-ci əsrə aid müqəddəs tarixi məzarlar, şəhər “Şəhidlər Xiyabanı” da var.

"Şəhidlər Xiyabanını ziyarət edən qərb diplomatları qazılmış və təhqir olunmuş məzarları gördüklərini bildiriblər", - hesabatda bildirilir.