ABŞ Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə milyonlarla dollar yardım edib - Səfir

 12:18 09.06.2022     1277

“ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger keçirdiyi brifinqdə bildirib.

Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir:

“Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”.

Li Litzenbergerin sözlərinə görə, ABŞ Azərbaycana monitorinq-skan sistemləri verib, Azərbaycanda sərhədçilərə və gömrük əməkdaşlarına təlimlər keçib ki, bu, əsasən, qaçaqmalçılıqla mübarizə sahəsinə aiddir.

Diplomat deyib ki, verilən bu dəstək nəticəsində əhəmiyyətli nəticələr əldə olunub:

“Biz eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda təhlükəsizliklə bağlı dəstək vermişik. Bu, Xəzərdə Azərbaycanın enerji resursları ilə bağlı infrastrukturunun qorunmasına kömək edir. Bildiyiniz kimi, Azərbaycan qazı Cənub Qaz Dəhlizi ilə İtaliyaya nəql olunur, bu ölkənin enerji resurslarının şaxələndirilməsində əhəmiyyətli rol oynayır” (apa).