“RİA Novosti” Azərbaycanın narazılığına səbəb olmuş müsahibəni silib

 13:14 10.06.2022     108

Rusiyanın “RİA Novosti” İnformasiya Agentliyi Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən şəxsin bəyanatlarının əks olunduğu paylaşımı silib.

Redaktor.az "report"a istinadla xəbər verir ki, hazırda bu materiala giriş keçidi aktiv deyil və səhifənin mövcud olmadığını göstərir.

Xartırladaq ki, qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryan ilə geniş müsahibə Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Azərbaycan XİN “RİA Novosti”nin bu paylaşımının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin müddəalarına zidd olduğunu bəyan edib.

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”, - Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Qeyd edək ki, hadisədən sonra “RİA Novosti” İnformasiya Agentliyinin saytına Azərbaycan ərazisində girişi qadağan olunub.