"Türkiyə və Rusiya bir-birinə güvənir" - Çavuşoğlu

Türkiyə və Rusiya arasında Ukraynadakı vəziyyətlə bağlı fikir ayrılıqları var, lakin tərəflər arasında etimad var.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib.
“Bəli, bir çox məsələlərdə, o cümlədən Ukraynadakı vəziyyətlə bağlı aramızda fikir ayrılıqları var. Amma bizdə əminlik var, Türkiyə Rusiya və Ukraynanı bir masa arxasında bir araya gətirə biləcək yeganə ölkədir”, - deyən nazirin sözlərinə görə, Ankara Qara dəniz limanlarından taxıl daşıyan gəmilərin ixracı üçün “taxıl problemi”ni mümkün qədər tez həll etməyə çalışır:
“Moskvada hərbi nümayəndə heyətimizin səmərəli görüşü olub. İndi biz Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT nümayəndə heyətlərini İstanbula toplamaq, orada mexanizm yaratmaq istəyirik”.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Qara dəniz limanlarından taxıl ixracı məsələsində müəyyən irəliləyiş var, lakin Rusiya, Ukrayna və BMT ilə müzakirələr tələb edən texniki məsələlər var. Onun sözlərinə görə, Türkiyə yaxın günlərdə “taxıl problemi” ilə bağlı “müsbət addımlar” gözləyir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı bildirib ki, Moskva və Kiyev “taxıl problemi”ndə razılığa gəlsələr, Ukrayna sularından kənarda “təhlükəsizlik zonası” yaradılacaq.
Turan ASLAN