Azərbaycanda referendum keçiriləcək? - Zahid Oruc: "Əhalinin sayı 10 milyonu keçib, amma deputatların sayı artmayıb"

 12:16 25.06.2022     874

“Referendum keçirilməsinin təsdiqi və ya inkarı mənim tərəfimdən verilə bilməz. Bu barədə danışmaq üçün konkret məlumatlara malik olmaq lazımdır”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı referendum keçiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

O, bildirib ki, yaxın müddətə qədər bu barədə onların fikirlərini də öyrənərək media və informasiya vasitələrində müəyyən müzakirələr, ictimai debatlar getməkdədir.

“Düşünürəm ki, ümumxalq səsverməsi Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə olmasına baxmayaraq, cəmiyyət həyatındakı dinamikanı, dövlət və vətəndaş münasibətlərindəki dəyişiklikləri, xüsusilə də artıq Vətən müharibəsindəki qələbəmizin ölkənin həm siyasi idarəetmə, həm inzibati xarakterli məsələlərdə meydana çıxan çağırışları özündə ehtiva edir. Bu anlamda bunların hamısını hüquqi müddəalara köçürərək ölkənin ali qanununu nəzərə almaq mühüm bir məsələ kimi qarşıya çıxır” - komitə sədri deyib.

Zahid Orucun sözlərinə görə, bir sıra xalqların həyatında ən adi qanunvericilik aktlarının problemləri də bəzən referendum vasitəsilə reallaşdırılırdı:

“İsveçrədə tez-tez belə addımlar atılır. Bəzən vergi normaları, hansısa bir tarif bilavasitə vətəndaşların müzakirəsinə çıxarılır. Ən sonda onların rəyi alınır və tətbiq olunur”.

Deputat vurğulayıb ki, son dövrlərdə onlardan ən çox sorğu edilən məsələlər sırasında Qarabağ, Azərbaycanın bütövlüyünün gerçəkləşməsi, ermənilərlə birgə yaşayışın tapılması məsələləri qabardılır:

“Həmçinin parlament üzvlərinin sayı ilə əlaqədar məsələ qoyulur ki, 1995-ci ildə Azərbaycan əhalisinin sayı 7 milyondan bir qədər çox idi və parlamentdə 125 nəfərlik tərkib müəyyən edilmişdi. İndi isə Azərbaycan əhalisinin sayı 10 milyonu keçib, amma Milli Məclis üzvlərinin sayı artmayıb. Bu şəraitdə qanunverici orqanın sayının artması ilə bağlı istəklər dilə gətirilir”.

Proporsional seçki sisteminin bərpa edilməsi ilə bağlı Zahid Oruc bildirib ki, bu barədə olduqca fərqli fikirlərə sahibdir:

“Bu barədə müxtəlif fikirlərim var. Mən bir sıra hallarda partiyaların baxışlarını o məsələdə yüzdə yüz bölüşmürəm. Təkcə ona görə yox ki, mən indi artıq siyasi mənsubiyyət baxımından hansısa partiyada təmsil olunmuram. Təbii ki, dövlət başçısının həyata keçirdiyi siyasi kursu müdafiə edirik. Lakin bunun kənarında bu seçki üsulunun özünə görə üstünlükləri və əskikləri var”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən